26 
May
2022
13:37
484
33
12450
Virtual karabakh

“TEKNOFEST Azərbaycan” festivalında aviaşou keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

26 May, 2022
13:37
12450

“TEKNOFEST Azərbaycan” festivalında aviaşou keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou başlayıb. 

Oxu.Az xəbər verir ki, hazırda Azərbaycan və Türkiyənin şahinləri Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edirlər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəskəsən hava şousu təqdim edilir. 

Milli şahinlərimiz qardaş Türkiyənin pilotları ilə yanaşı mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlir və tamaşaçıları riqqətə gətirirlər.

12:32

Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verildi. 

Oxu.Az xəbər verir ki, festivalın açılış mərasimində Azərbaycan və Türkiyənin nazirləri səhnəyə dəvət olunublar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, Türkiyənin sənaye naziri, Azərbaycanın təhsil naziri, ekologiya və təbii sərvətlər naziri, energetika naziri, Türkiyənin səhiyyə naziri, KOBİA sədri, Azərbaycanın müdafiə sənayesi naziri, “ASAN Xidmət” rəhbəri, Türkiyənin Azərbaycandakı səfiri və digərləri səhnədə xatirə fotosu çəkdiriblər.

Sonra festivala start verilib.

10:18

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başlayır.

Oxu.Az xəbər verir ki, tədbir dörd gün davam edəcək.

Açılış nitqini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev edəcək. “TEKNOFEST Azərbaycan” festivalının ilk günü “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, eləcə də Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcəklər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot-şou, külək tunelində şoular nümayiş olunacaq.

Birinci günün sonunda təşkil ediləcək konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri öz ifaları ilə festival iştirakçıların qarşısına çıxacaqlar.

Günün sonunda isə hər kəsi maraqlı lazer şousu gözləyir.

Festivalda dörd gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı gözlənilir. İştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlcuq Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Fondunun təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”ın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Könül Cəfərli

FOTO: Tapdıq Abdullayev, Sabir Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri