"İşğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və iki qəsəbə təbii qazla təmin olunur".
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Xocavəndə təşkil etdiyi mediatur zamanı Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev deyib.
O qeyd edib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində azad edilmiş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir:
"Azəriqaz" 2023-cü ildə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101.43 km, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında dörd yaşayış məntəqəsi üzrə 56.16 km daşıyıcı və paylayıcı qaz kəməri çəkilib.
Həmçinin Xankəndi şəhərində 53.5 km paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib. 2025-ci ilin köç qrafikinə uyğun olaraq Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165.67 km yeni qaz kəməri çəkilib, 64.2 km xətt isə bərpa olunub. Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 km uzunluğunda daşıyıcı qaz kəməri çəkilib", - deyə o bildirib.
Q.Abdullayev əlavə edib ki, qazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.