Ermənistan tərəfindən Kəlbəcər rayonunda saxlanılan Azərbaycan vətəndaşları ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin inzibati binası qarşısında aksiya keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiyada Ermənistan tərəfindən saxlanılan şəxslərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar BQXK-nin fəaliyyətsizliyindən narazı olduqlarını, Kəlbəcərdə saxlanılan bir nəfər azərbaycanlının barəsində hələ də məlumatın olmamasından şikayət ediblər.
BQXK-nin rəsmi nümayəndəsi isə aksiya iştirakçılarına bildirib ki, komitənin mandatına uyğun olaraq çox şeyi ictimaiyyətə açıqlamasalar da, bu istiqamətdə işləri davam etdirilir.
Qeyd edək ki, Ermənistan tərəfi işğal altında olan Kəlbəcər rayonunda iki Azərbaycan vətəndaşını - Dilqəm Əsgərov və Şahbaz Quliyevi tutduqlarını, Həsən Həsənov adlı Azərbaycan vətəndaşının isə öldürüldüyünü açıqlayıb.
Hadisə iyulun 7-də baş versə də, bu günə kimi BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşları girov götürülənlərlə görüşməyiblər.