Bu gün İsveçin Malmö şəhərində “Eurovision 2013” beynəlxalq mahnı müsabiqəsinin 2-ci yarımfinalı keçiriləcək.
Azərbaycan Xəbərlərinin məlumatına görə, bu gün axşam baş tutacaq 2-ci yarımfinalda Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya, Gürcüstan, İsveçrə və Rumıniya təmsilçiləri çıxış edəcəklər.
Builki “Eurovision” müsabiqəsində Azərbaycanı istedadlı müğənni və idmançı, altı yaşından oxumağa başlamış, bundan başqa, yunan-roma güləşi və braziliyalıların döyüş sənəti – kapoera ilə məşğul olan Fərid Məmmədov təmsil edir. Hazırda Fərid “Bülbüllər” qrupunun solistidir, onun “Eurovision”dakı çıxışına isə Ani Lorak və Sakis Ruvasla işləmiş məşhur Dmitris Kontopulos prodüserlik edəcək. Fərid müsabiqədə 4-cü nömrə altında, “Hold Me” kompozisiyası ilə çıxış edəcək (mətnin altında mahnıya keçid yerləşdirilib).
Qeyd edək ki, ötən il Azərbaycanda keçirilmiş “Eurovision 2012” müsabiqəsində İsveçin təmsilçisi Loren qalib gəlmişdi (“Euphoria” kompozisiyası ilə) və bu il müsabiqə onun ölkəsində, Malmö şəhərində baş tutacaq.
Ümumilikdə 26 ifaçının iştirak edəcəyi final isə mayın 18-də keçiriləcək.
Azərbaycan Xəbərləri