"Məlumdur ki, əksər böyük şəhərlərdə olduğu kimi, Bakıda da havanın çirklənməsi problemi mövcuddur. Ancaq bu ekoloji problemlə effektiv mübarizə üçün regional proseslərin, xüsusi olaraq atmosfer dövranında baş verən dəyişikliklərin dərk edilməsi böyük əhəmiyyət kəsb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri IDEA-nın təşkilatçılığı ilə WUF13 çərçivəsində panel müzakirəsində çıxış edərkən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi Elnur Səfərov səsləndirib.
AMEA nümayəndəsinin sözlərinə əsasən, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar həyata keçirilən tədqiqatlar Mərkəzi Asiyadan gələn şərq küləklərinin daha da gücləndiyini və şimal hava axınlarını üstələməyə başladığını sübut edib.
"Nəticədə Qazaxıstan, Türkmənistan və Özbəkistan ərazilərindəki çirklənmiş hava kütlələri Azərbaycana doğru hərəkət edir.
Bununla yanaşı, quru və isti hava şəraiti Xəzər dənizində, əsasən də hövzənin dayaz olan şimal seqmentində buxarlanma prosesini sürətləndirir. Əgər dəniz səviyyəsindəki enmə davam edəcəksə, Şimali Xəzər hissəsi tamamilə toz və duzla örtülmüş quru əraziyə çevrilmə ehtimalı daşıyır. Gələcəkdə küləklər həmin duz və tozu ətraf regionlara yayaraq həm kənd təsərrüfatı, həm ekosistem, həm də insanların səhhəti üçün təhlükəli vəziyyət formalaşdıracaq.
Bu səbəbdən mövcud regional külək modelləri özündə ikili təhlükəni birləşdirir: bir tərəfdən Mərkəzi Asiyadan gələn çirkli hava axını, digər tərəfdən isə Şimali Xəzərin quruması nəticəsində yarana biləcək duz və toz fırtınaları", - deyə baş elmi işçi vurğulayıb.