Bakının ən hündür binalarından birində - “Flame Towers”da şəkli yayılan oğlan sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb oldu.
Bir çox istifadəçilər iddia edirdilər ki, bu, photoshop və ya montajdır. Sonra məlum oldu ki, şəkillərdəki “Flame Towers”ın şüşələrini təmizləməklə məşğul ola peşəkar alpinistdir. Fotonu isə onun dostu, digər alpinist çəkib.
Vladimir, sənaye alpinizmi ilə məktəb vaxtından məşğul olduğunu bildirdi.
“Hələ uşaqlıqda Mərdəkanda bizə təmənnasız olaraq qayaya dırmanma üzrə müəllim dərs keçirdi. O, dərnək yaratmışdı, bütün arzu edənlər yazıla bilərdilər. Mən də özümü sınamaq istədim, çox xoşuma gəldi. Müəllim əsl vətənpərvər idi, Bakıda alpinizmi inkişaf etdirmək istəyirdi. O, bizi Qobustana, Nardarana aparırdı, biz qayalara dırmanırdıq. Maraqlı idi. Bax beləcə məndə maraq yarandı”.
Vladimir alpinizmlə əsgəri xidmətə qədər məşğul olub. Əsgəri xidmətdən sonra isə işləmək məcburiyyətində qalıb və o artıq sevdiyi işlə məşğul ola bilməyib.
“Hərbi xidmətdən sonra işləmək lazım idi. Harada gəldi işləyirdim, heç bir işdən çəkinmirdim: tikinti, alüminium zavodu, plastik sexi, yaşıllaşdırma və landşaft dizaynı, texniki avadanlıq satıcısı və s.. Amma bunların heç biri ürəyimdən deyildi.
Bir dəfə tanış uşaqlar aeroportda istehsalat alpinisti işi olduğunu dedilər. Mən də bəxtimi sınamaq istədim. Orada mənim tərifnamələrimi gördülər, işə götürdülər. 2 il aeroportda, həftə sonları isə “kənarda” qazanmağa başladım. Alpinistlər arasında tanındım və “Flame Towers”da şüşə təmizləmək işi meydana çıxanda Bakıda ən yaxşı alpinistlər arasında seçim başladı. Mənə dəvətnamə yolladılar. Mən hər şeyi atıb Bakının ən hündür binalarından birində işə düzəldim.
Bilirsiz, bu, sanki narkotikdir, bəzən elə olur ki, bir neçə gün işsiz oturursan və elə bil nə isə çatışmır. Amma işə çıxan kimi hər şey öz qaydasına düşür. Mən öz işimi çox sevirəm və hər gün işə sevinclə gedirəm.
Dünyada ən hündür binanın - Azərbaycan Tower-ın (1050 metr hündürlükdə) tikilməsini gözləyirəm və mən böyük məmnuniyyətlə orada işləyəcəm”.

Elvin Əhmədov
www.oxu.az