Daxili İşlər Nazirliyi Bakıda ruhi xəstələrin xəstəxanadan qaçması ilə bağlı rəsmi məlumat yayıb.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.
Onların tutulması üçün müvafiq tədbirlər görülür.
11:39
Azərbaycan paytaxtında ruhi xəstələr Ruhi Əsəb Dispanserindən qaçıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən məlumat verilib.
Məlumata görə, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan 4 nəfər xəstəxanadan qaçıb. Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər.
Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.