“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosferə təsirləri nəticəsində zəhərlənmə diaqnozu ilə stasionar müalicədə saxlanılan şəxslər evə buraxılıblar.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alan iki nəfər də ambulator müalicə üçün buraxılıb.
Qeyd edək ki, hadisə ilə bağlı müraciət edənlərin sayı doqquz olub. Onlardan iki nəfər tibb müəssisəsində həkim nəzarətində saxlanılıb.
10:24
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Bu barədə Oxu.Az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır:
“Həyatları üçün heç bir təhlükə yoxdur”.
Qeyd edək ki, yanğın başlayan kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb olunub.
Könül Cəfərli