Başa çatmaqda olan 2018-ci il Azərbaycan mədəniyyəti və incəsənəti, bütövlükdə sənət aləmi üçün bir sıra əlamətdar günlər və hadisələrlə yadda qalıb.
Bu il həm bir neçə tanınmış sənət, mədəniyyət xadiminin dövlət səviyyəsində yubileyləri keçirilib, həm də bir çoxlarına ölkə prezidenti tərəfindən fəxri adlar, orden və medallar verilib.
Belə ki, ölkə başçısının ilin əvvəllərində, 2 fevral tarixində imzaladığı sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlilov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, K.Cəlilov Azərbaycanın, bütövlükdə Şərq dünyasının ən tanınmış qaboy ustadlarındandır.
İlk əvvəllər Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda qoşanağaraçı, sonra qarmonçu kimi fəaliyyət göstərən K.Cəlilov sonralar, yəni 80 illik ömrünün 60 ilə yaxınını qaboy ifaçılığına həsr edib.
Bundan cəmi bir ay sonra, 13 mart tarixində ölkə prezidenti Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı 80 illik yubileyi münasibəti ilə təltif və təbrik edib.
Böyük ədib “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
27 may tarixində dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Həmin sərəncamla 33 nəfərə “Xalq artisti”, yeddi nəfərə “Xalq rəssamı”, 10 nəfərə “Əməkdar rəssam”, bir nəfərə “Əməkdar incəsənət xadimi”, 12 nəfərə “Əməkdar mədəniyyət işçisi”, həmçinin, 60-a yaxın sənət adamına “Əməkdar artist” fəxri adları verilib.
Xalq artisti adına layiq görülənlər arasında estrada müğənnisi Emin Ağalarov, tanınmış aktrisa Naibə Allahverdiyeva, xanəndə Teyyub Aslanov, tanınmış bəstəkar Aygün Səmədzadə, şoumen Murad Dadaşov, tanınmış aktyor Əjdər Həmidov, hazırda xaricdə yaşayan məşhur cazmen Əzizə Mustafazadə (Vaqif Mustafazadənin qızı), uzun illərdir Türkiyədə yaşayan məşhur balaban ifaçısı Əlixan Səmədov, həmçinin, korifey sənətkar, səhnəmizin Cənnət qarısı kimi tanınan Nəsibə Zeynalovanın yadigarı, aktyor və rejissor Cahangir Novruzov və digər tanınmışlar var.
Əməkdar artist adına layiq görülənlər arasında isə tanınmış müğənnilər Könül Kərimova, Rəşad İlyasov (o, həmçinin, kanon ifaçısıdır) və digərləri var.
Bu il mükafatlandırılan məşhurlar arasında SSRİ Xalq artisti Tamara Sinyavskaya da var.
O, 5 iyul tarixində ölkə prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Qeyd edək ki, xanım Sinyavskaya korifey sənətçi, SSRİ Xalq artisti, mərhum Müslüm Maqomayevin həyat yoldaşı olub və hazırda Moskva şəhərində yaşayır.
1 avqust tarixində dövlət başçısı bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Qurban İsmayılov, Abduləhəd Mahmudov, Pərviz Məmmədrzayev və Mehriban Zəki “Xalq artisti” adına layiq görülüblər.
Xalq artisti adına layiq görülənlər arasında Azərbaycan kinosunun və səhnəsinin Cəlalı kimi tanınmış aktyor Ənvər Həsənov da var. “Yeddi oğul istərəm” filmindəki Cəlal obrazı ilə məşhurlaşan sənətçi “Babək” filmində Tərxan, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazları ilə tanınıb, sevilib. O, həm də həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb.
Həmçinin, o, rejissor kimi “Haray, Xocalım, haray”, “Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.
Eyni zamanda, sözügedən sərəncamla Adil Abbasovla Bağır Rəfiyev “Əməkdar incəsənət xadimi”, Rüfət Hadıyevlə Elnur Kərimov “Əməkdar artist”, yeddi nəfər isə “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər.
Prezident sentyabrın 13-də dahi bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovu “Şöhrət” ordeni ilə təltif edib.
Qeyd edək ki, bu il A.Məlikovun 85 yaşı tamam olub.
28 noyabr 2018-ci il tarixində dünya şöhrətli rəssam, SSRİ Xalq rəssamı, hazırda Moskvada yaşayan Tahir Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Korifey rəssam Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə və 90 illik yubileyinə görə adıçəkilən ordenlə təltif edilib.
Eyni zamanda, dekabrın 14-də ölkə prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olublar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünya şöhrətli rəssam Tahir Salahovu 90 illik yubileyi münasibətilə bir daha təbrik ediblər, ona uğurlar arzulayıblar.
10 dekabr tarixində ölkə prezidenti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla tanınmış aktrisalar Lətifə Əliyeva və Nübar Novruzova “Xalq artisti” fəxri adlarına layiq görülüblər.
Mehriban Abdullayeva, İlham Əsədov, Elnur Hüseynov və Güşvər Şərifova “Əməkdar artist”, Rafiq Rəhimli isə “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunublar.
Bu il dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin və nakam şair, Stalin repressiyasının qurbanı Mikayıl Müşfiqin 100 illik yubileyləri keçirilib.
Kamil HƏMZƏOĞLU
Rəylər