Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-də qalmaqal: Jurnalist rəsmilərin çat qrupuna salındı, planlar sızdırıldı
ABŞ-nin müdafiə naziri Pit Heqset hərbçilərin Yəmənə zərbələr endirməsinə dair məlumatın sızması ilə bağlı iddiaları təkzib edib.
Oxu.Az xəbər verir ki, o bunu "Fox News" telekanalının efirində deyib.
"Heç kəs hərbi planları göndərməyib. Sözügedən məsələ ilə bağlı ancaq bunu söyləyə bilərəm" , - deyə o vurğulayıb.
P.Heqset bununla da "Atlantic" jurnalının baş redaktoru Cefrri Qoldberqin Yəməndəki husilərə zərbələrin müzakirə olunduğu çat qrupuna təsadüfən salınması barədə informasiyanı şərh edib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp jurnalistin qrupa əlavə edilməsi barədə heç nə bilmədiyini vurğulayıb.
C.Qoldberqin məqaləsində deyilirdi ki, o, martın 11-də "Maykl Uolts" adlı (ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin adı) istifadəçidən "Signal" mesencerinə qoşulmaq sorğusu alıb. Bundan iki gün sonra jurnalist "Houthi PC Small Group" adlı çat qrupuna qoşulma barədə bildiriş alıb.
Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdəbirinə nəzarət edən husilərin hədəflərinə zərbələr endirilməyə başlanıb.