Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-ni soyan Şimali Koreya quldurları
Qan Turalı yazır...
Əvvəllər, dəniz quldurları var idi. Bizdə də buna bənzər dəstələr mövcud olub. Məsələn, yolkəsənlər. Adımıza söz çıxartmayaq, onlar tək bizdə olmayıblar. Dünyanın bütün ölkələrində olublar. Feodal mütləqiyyəti dövründə də dövlətlər yollarda heç də həmişə əmin-amanlıq yarada bilməyiblər. Yolların əmin-amanlığını təmin etmək XX əsrdən mümkün olub.
Aradan illər, qərinələr, əsrlər keçdi. Dəniz quldurluğu kiçik miqyasda olsa da qalıb. Ancaq müasir dünyanın başqa bir ciddi problemi var, kiberquldurluq! Bu quldurluq növü miqyasına görə bütün quldurluq növlərini üstələyir. Çünki bu quldurluğu hədəfdən minlərlə kilometr uzaqda da gerçəkləşdirmək mümkündür. Və burada əldə olunan vəsaitin həcmini nə dəniz, nə də quru quldurluğu ilə müqayisə etmək mümkündür. Üstəlik isə kiberquldurları saxlamaq, həbs etmək, aşkar etmək də son dərəcə mürəkkəb bir prosesdir. Kiberquldurluq XXI əsrin quldurluğudur.
Bu quldurluğun ən mükəmməl formalarından biri olan "Lazarus"dan söz açmaq istəyirəm. Bu adı ona araşdırmaçı jurnalistlər veriblər. "İncil"ə görə "Lazarus" İsanın diriltdiyi adamdır. Adın da öz tarixi var. Belə ki, o zamanlar adsız olan qrup kiberhücum edir, aylarla heç bir cinayət törətmir, sonra isə sanki yenidən dirilir, yenə sükuta qərq olurdu. Məhz buna görə kiberquldur qrupunu "Lazarus" adlandırıblar.
"Reuters"in məlumatına görə "Lazarus" 2023-cü ildə 660 milyon, 2024-cü ildə 1.3 milyard dollar həcmində kriptovalyuta soyğunu gerçəkləşdirib. Bu rəqəmlər "Lazarus"un necə irimiqyaslı və bir o qədər də mürəkkəb kibersoyğunları törətmək bacarığını ortaya qoyur.
Onların fəaliyyəti ilk dəfə 2007-ci ildə nəzərə çarpıb. Belə ki, qrup ABŞ-nin İstiqlaliyyət Günündə bu ölkənin dövlət qurumlarını, banklarını, media qurumlarını hədəfə almışdı. Qrupun digər hədəfi isə Cənubi Koreya saytları idi.
Ancaq 2014-cü ildə törətdikləri bir kiberhücum cinayətin haradan qaynaqlandığını üzə çıxardı. Belə ki, təkcə ABŞ-nin yox, eləcə də dünyanın ən böyük film şirkətlərindən olan "Sony Pictures Entertainment" "Lazarus"un növbəti hədəfi oldu. Həmin dövrdə "Sony" Şimali Koreya liderinə sui-qəsddən bəhs edən "The Interview" adlı komediya filmini nümayişə çıxarmağa hazırlaşırdı. Şimali Koreyanın etirazlarına baxmayaraq onlar filmi təqdim etməkdə təkid edirdilər. Ancaq kiberhücum nəticəsində şirkətin bütün bilgisayarları ələ keçirildi. Özlərini "Sülh keşikçiləri" adlandıran qrup şirkətin istehsal etməkdə olduğu filmlərin ssenarilərini, şirkətdaxili gizli yazışmalarını, maaş cədvəllərini əldə edərək internetə yerləşdirdi. Nəticədə, "Sony" filmi geniş nümayişə çıxartmaqdan imtina etdi. Şirkətə dəyən ziyan isə 150 milyon dollar həcmində müəyyən edildi.
Bəs bu kiberqrupun arxasında kimlər dayanırlar? Məsələnin ən qarışıq tərəfi də budur. Çünki, Şimali Koreya internetə ən çox məhdudlaşdırma tətbiq edən ölkələrdən biridir. Ölkə əhalisinin mütləq əksəriyyətinin internetə heç bir çıxışı yoxdur. Bununla belə Şimali Koreyada bu qədər səriştəli kibermütəxəssislərin olması sual doğurur. Qrupun üzvlərindən ancaq Park Hin-Hyokun adı məlumdur. Parkı FBİ axtarır, ancaq yəqin ki, onu heç bir zaman tapa bilməyəcək.
"Lazarus" qrupunun üzvlərinin hələ uşaq yaşında ikən Çinə bilgisayar mütəxəssisi olmaq üçün göndərildiyi bildirilir. Bu uşaqlar xüsusi seçilirlər, onların xüsusilə riyaziyyat sahəsində çox qabiliyyətli olmalarına fikir verilir. Ancaq "Lazarus" haqqında hazırlanan hesabatda qrupun arxasında Şimali Koreya hökumətinin dayandığı ilə bağlı əsaslı sübutlar mövcud deyil. Bu da təbiidir. Şimali Koreyada bu cür işləri şəxsi təşəbbüslə görmək mümkün deyil.
Müasir dövrdə qarşıdurmalar həm də kibersahədə aparılır. Kiberhücumlarla hər hansı bir ölkənin internetə bağlanan bütün resurslarını çökdürmək mümkündür. Bu mənada Şimali Koreya kimi internet texnologiyaları sahəsində bir o qədər fərqlənməyən ölkənin "Lazarus" kimi qüdrətli kiberquldurlar yaratmağı bacarması kibertəhlükəsizlik məsələsinin nə qədər əhəmiyyətli olduğunu göstərir.