Alimlər tarixdə ilk dəfə ikibarmaqlı ərincəyin tam genomunu təhlil ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "BMC Biology" jurnalında dərc olunub.
Məqalədə qeyd edildiyi kimi, bu elmi iş həmin heyvanların həddindən artıq yavaş metabolizminin əsasında dayanan genetik xüsusiyyətləri aşkara çıxarıb.
Ərincəklər zirehlilərin və qarışqayeyənlərin də aid edildiyi natamamdişlilər qrupuna daxildirlər. Bu qrup Cənubi Amerikada meydana gələn və 65.5 milyon ildir mövcud olan yeganə plasentalı məməlilərdir. Tarixən bu qrupda fil böyüklüyündə nəhəng quru ərincəklər yaşayıb. Müasir növlər isə ikibarmaqlı və üçbarmaqlı olmaqla iki yerə bölünür və ağaclarda yaşayırlar.
Məməlilər arasında ən aşağı maddələr mübadiləsi ərincəklərdə qeydə alınıb ki, bu da çox vaxt onların bədən kütləsi üçün gözlənilən göstəricinin yarısından da az olur. Enerjiyə qənaət etmək məqsədilə onlar termorequlyasiya rejimləri arasında keçid edə və xarici temperatura uyğunlaşaraq onu təxminən beş dərəcə hüdudlarında saxlaya bilirlər. Yavaş hərəkət etmələrinə baxmayaraq, ərincəklər əla üzürlər və bəzən cütləşmək üçün tərəfdaş axtarışında uzun məsafələr qət edirlər.
Deşifrə edilmiş genom qarışqayeyənlər və zirehlilər də daxil olmaqla, digər məməli heyvanların genomları ilə müqayisə edilib. Analizlər göstərib ki, ərincəklərin DNT-sində aktiv mobil genetik elementlər olan transpozonlar, yəni "sıçrayan genlər" qorunub saxlanılıb. Bu elementlər özlərini kopyalamaq və genomboyu yerdəyişmə etmək qabiliyyətinə malikdir. İnsanlarda belə elementlər aktivliyini itirib və köhnə fraqmentlər şəklində mövcuddur, onların aktivləşməsi isə bəzən xərçəng xəstəliyi ilə əlaqəli xromosom dəyişikliklərinə səbəb ola bilər. Tədqiqatlar müəyyən edib ki, transpozonlar təxminən 30 milyon il əvvəl bütün müasir ərincəklərin ortaq əcdadında meydana gəlib. O vaxtdan bəri onlar qorunaraq unikal genetik ardıcıllıqlara çevriliblər. Bu ardıcıllıqların bir çoxunun mitoxondrilər və metabolik yollarla əlaqəli olduğu üzə çıxıb.
Alimlər hesab edirlər ki, məhz bu genlər ərincəklərin ətraf mühitə uyğunlaşmasını və onların son dərəcə yavaş maddələr mübadiləsini təmin edir.