Çin "Şençjou-23" pilotlu kosmik gəmisini uğurla orbitə göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Pilotlu "Şençjou-23" kosmik gəmisi daşıyıcı raketdən uğurla ayrılıb və nəzərdə tutulan orbitə çıxıb. Ekipajın vəziyyəti yaxşıdır, buraxılış uğurlu hesab olunur", - deyə məlumatda bildirilib.
Buraxılış yerli vaxtla saat 23:08-də (Bakı vaxtı ilə 18:08) Çinin şimal-qərbində yerləşən Tsyüçüan kosmodromundan həyata keçirilib.
Bundan əvvəl bildirilib ki, kosmik missiyanın heyəti orbitdə 100-dən çox yeni elmi təcrübə aparacaq. Bunlara süni embrionlar, nadir torpaq ərintiləri və yeni batareyalarla bağlı eksperimentlər daxildir.