İordaniyada yerləşən "Muvaffaq Salti" aviabazasına İran tərəfindən endirilən və iki ABŞ hərbçisinin ölümü ilə nəticələnən raket zərbələri zamanı idman zalı, təyyarə anqarı və əsgərlərin yatdığı korpus hədəf alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məqalədə vurğulanır ki, üç raketin hava hücumundan müdafiə (HHM) sistemlərini yara bilməsi bölgədə dislokasiya olunmuş təxminən 50 minlik hərbi kontingentin təhlükəsizliyinin təminatında mövcud olan problemlərdən xəbər verir.
Baş vermiş hadisədən sonra ABŞ Prezidenti Donald Tramp İrana cavab tədbirləri görəcəyi ilə hədələyib. "İran amerikalı əsgəri öldürdükdə hər dəfə bədəlini qat-qat artıq ödəyəcək!" - deyə D.Tramp bildirib.
Birinci hücum zamanı raketin qalıqları bazanın trenajor zalına düşüb. Yaxınlaşan təhlükə barədə xəbərdarlıq edən sirenanın vaxtında işə düşməsi hərbçilərə bunkerlərdə gizlənməyə imkan yaradıb. Bu halda yaralananlar olsa da, ölüm halı qeydə alınmayıb.
Bir neçə saatdan sonra sirena yenidən səslənib. Rəsmilərin nəşrə verdiyi məlumata görə, bu dəfə zərbə təyyarələr üçün nəzərdə tutulmuş boş anqara endirilib.
Üçüncü raket zərbəsi əsgərlərin yatdığı korpusa tuş gəlib. Sirenanın işə düşməsinə baxmayaraq, heç də hamı sığınacaqlara çata bilməyib.
Pentaqon həlak olan iki hərbçinin kimliyini müəyyənləşdirib. Onlar Havay ştatından olan birinci leytenant və Texasdan olan sıravidir. Şəxsiyyəti məlum olmayan üçüncü hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Nəşr qeyd edir ki, əsgərlərin bina daxilində, yoxsa sığınacağa gedərkən çöldə həlak olduqları hələlik tam aydın deyil.
"The Wall Street Journal" yazır ki, ABŞ dövlət katibi Marko Rubio hadisəni belə şərh edib:
"Raket müdafiəni yardı. Biz demək olar ki, bütün raketləri vurduq. Biri isə keçərək səhv yerə düşdü, bu çox faciəvi və ürəkağrıdıcıdır".
CENTCOM-un məlumatına görə, hərbçilər iyulun 17-də İranın hava hücumunun dəf edilməsi zamanı həyatını itiriblər. ABŞ Mərkəzi Komandanlığı həmçinin bir nəfərin itkin düşdüyünü və dörd nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Hazırda onların xəstəxanadan buraxıldığı bildirilir.