İspaniyanın Seuta muxtar şəhərinin minlərlə sakini miqrantların kütləvi axınından sonra yaranmış mürəkkəb vəziyyətlə əlaqədar hökumətdən müvafiq addımlar atılmasını tələb edən nümayişə qatılıb.
Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, avqustun 9-da axşam vaxtı meydanların birində təşkil olunan aksiya "Yetər! Seuta təslim olmur!" şüarı altında keçirilib.
Təşkilatçıların bildirdiyinə görə, nümayişə 10 min, polisin məlumatına görə isə təqribən 5 min insan toplaşıb. Etiraz aksiyasında Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas da iştirak edib.
Aksiya iştirakçıları İspaniyanın Baş naziri Pedro Sançesi istefaya çağıran şüarlar səsləndiriblər. Aksiyada səsləndirilən bəyanatda diqqətə çatdırılıb ki, Seuta nəinki bütün İspaniyaya, eləcə də Avropaya təsir göstərən və yerli imkanları üstələyən bu böhranla təkbaşına mübarizə apara bilməz.
Xatırladaq ki, iyulun sonunda onminlərlə qanunsuz miqrant Mərakeşlə şəhəri ayıran dalğaqıranı keçərək, üzərək və piyada İspaniyanın anklavına daxil ola bilmişdi. Böhran səbəbindən rəsmi Madrid ərazidə təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib. İspaniya hökumətinin məlumatına görə, Seutaya daxil olan təxminən 72 min miqrantın 70 mini artıq Mərakeşə geri qaytarılıb.