Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Panama kanalına kimin məsul olacağı açıqlandı - Tramp göstəriş verdi
ABŞ Prezidenti Donald Tramp Panama kanalına nəzarəti bərpa etmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, bu işə dövlət katibi Marko Rubio məsul olacaq.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu bəyanatı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı qarşısında ölkənin vəziyyəti, daxili və xarici siyasətin prioritetləri barədə çıxışı zamanı verib.
Onun sözlərinə görə, administrasiya artıq kanala nəzarəti bərpa etmə prosesinə başlayıb.
"Bu işə Marko Rubio cavabdeh olacaq. Uğurlar, Marko. Əgər nəsə düzgün getməsə, günahkarın kim olduğunu bilirik", - deyə o əlavə edib.
Tramp qeyd edib ki, ABŞ-nin böyük bir şirkəti artıq Panama kanalının hər iki tərəfində yerləşən limanları satın almaq niyyətində olduğunu bildirib.
"Panama kanalı amerikalılar tərəfindən amerikalılar üçün inşa edilib, başqaları da ondan istifadə edə bilər, amma bu, bizim haqqımızdır", - deyə D.Tramp vurğulayıb.
Tramp həmçinin hesab edir ki, kanalın Panama hökumətinə verilməsi barədə razılaşma dəfələrlə kobud şəkildə pozulub.
"Biz onu Çinə yox, Panamaya təhvil vermişdik və geri qaytaracağıq", - deyə ABŞ prezidenti bəyan edib.
Bundan əvvəl Honkonqda yerləşən "CK Hutchison Holdings" şirkəti Panama kanalının hər iki tərəfindəki limanlara nəzarət edən törəmə müəssisəsindəki 90%-lik payını ABŞ investorlarına satacağını açıqlamışdı. "BlackRock Inc.", "Global Infrastructure Partners" və "Terminal Investment Limited" kimi investor qrupları 23 ölkədə 43 liman və 199 körpüyə sahib olan, idarə edən törəmə şirkətlərin 80%-ni də alacaqlar. Bu aktivlərin ümumi dəyəri 22.8 milyard dollar təşkil edir.
Qeyd edək ki, Tramp daha əvvəl heç bir sübut təqdim etmədən, dəfələrlə Çinin kanala nəzarət etdiyi ilə bağlı iddialar irəli sürüb və ABŞ-nin kanala nəzarəti bərpa etməyi hədəflədiyini vurğulayıb. O, 20 yanvar tarixində inaqurasiya çıxışı zamanı Panama kanalını geri qaytaracağını bəyan etmişdi. Daha əvvəl isə kanalın 1999-cu ildə Panamaya verilməsinin başqa ölkələrə güzəşt deyil, əməkdaşlıq jesti olduğunu bildirmişdi.