Fransalı müstəntiqlər 2024-cü ildə başlanılan araşdırma çərçivəsində "Telegram"ın həmtəsisçisi Pavel Durovu yenidən dindirilməyə çağırıblar.
Oxu.Az xəbər verir ki, sltı saatdan çox davam edən söhbət barədə AFP agentliyi məlumat yayıb.
Pavel Durov iyulun 8-də yerli vaxtla saat 10:00-da dindirilməyə gəlib. Bu, iş üzrə onun sayca dördüncü dindirilməsi olub. Durovun vəkilləri vəziyyəti tənqid edərək bildiriblər: "Cinayət işinin başlanmasından təxminən iki il keçməsinə baxmayaraq, irəli sürülən ittihamların əsaslılığını təsdiqləyən heç bir sübut hələ də yoxdur". Vəkillər Fransadakı məhkəmə orqanlarının hərəkətləri ilə bağlı həm yerli, həm də Avropa instansiyalarına şikayət edəcəklərini bəyan ediblər.
Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılmışdı. Ona qarşı cinayətkar qrupların qanunsuz əməliyyatlar həyata keçirməsi üçün platformadan istifadəyə şərait yaratmaq kimi bir sıra ağır ittihamlar irəli sürülüb. Fransa qanunvericiliyinə görə, bu cür hüquq pozuntuları 10 ilədək həbs və 500 min avro məbləğində cərimə ilə cəzalandırıla bilər.
İstintaq hakiminin qərarı ilə sahibkar 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə buraxılmış, ona həftədə iki dəfə polis bölməsinə getmək və Fransanı tərk etməmək barədə göstəriş verilmişdi. 2025-ci il iyulun 10-dan etibarən isə nəzarət tədbirlərinin şərtləri bir qədər yumşaldılıb.