HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağının hökuməti bölgədəki səlahiyyətlərindən imtina etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə aif.ru anklav rəhbərliyinin rəsmi bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, fövqəladə hökumət komitəsinin sədri Məhəmməd əl-Fərra vəzifəsindən gedərək hökumət komitəsinin fəaliyyətinə xitam verib.
Məlumatda o da vurğulanır ki, idarəetmə səlahiyyətləri Qəzza zolağının idarə edilməsi üzrə milli komitəyə həvalə olunub.
Qeyd edək ki, sözügedən qurum ABŞ Prezidenti Donald Trampın Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün irəli sürdüyü plan əsasında Sülh Şurası adlandırılan təşkilat tərəfindən formalaşdırılıb. Komitənin heyətinə heç bir siyasi təşkilatı təmsil etməyən müstəqil fələstinli şəxslər daxildirlər.
2025-ci ilin noyabr ayının ortalarında BMT-nin Təhlükəsizlik Şurası ABŞ-nin təklif etdiyi və Trampın Qəzza zolağında vəziyyətin nizamlanmasını nəzərdə tutan genişmiqyaslı planını dəstəkləyən qətnaməni qəbul edib.
Xatırladaq ki, Qəzza zolağında atəşkəsə dair razılaşma 2025-ci il yanvarın 15-də ABŞ, Misir və Qətərin vasitəçilik səyləri nəticəsində əldə olunub və yanvarın 19-dan etibarən qüvvəyə minib. Bu sənəd özündə üç fərqli mərhələni ehtiva edir.
HƏMAS rəsmiləri bəyan etmişdi ki, İsrail tərəfi birinci mərhələnin tələblərinə əməl edəcəyi təqdirdə, Fələstin təşkilatının rəhbərliyi Qəzza zolağındakı münaqişənin həlli istiqamətində müqavilənin ikinci mərhələsi üzrə danışıqlara başlamağa razıdır.