Bu səhər (19 avqust) Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson şəhərinin Korabelnı rayonunda mikroavtobusa dron zərbəsi endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin özünün "Telegram" kanalında məlumat verib.
"Bu zərbə nəticəsində 4 nəfər həlak olub. Müvafiq xidmətlər hazırda onların şəxsiyyətini müəyyənləşdirirlər. Daha 4 qadın yaralanıb və hazırda xəstəxanadadırlar. Tibb işçiləri müayinələr aparır və xəsarət alanlara bütün lazımi yardımı göstərirlər", - deyə o yazıb.
Qeyd edək ki, avqustun 19-da səhərə qədər Rusiya qoşunları Zaporojye bölgəsində 52 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib.
"Cəmi bir gün ərzində işğalçılar Zaporojye bölgəsindəki 52 yaşayış məntəqəsinə 1 019 zərbə endiriblər. Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində iki nəfər həlak olub, daha 10 nəfər yaralanıb", - deyə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov "Telegram" kanalında bildirib.