Komor adaları bayrağı altında üzən yük gəmisi Somali sahillərində silahlı şəxslər tərəfindən ələ keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkəti məlumat yayıb.
"Komor adaları bayrağı altında üzən yük gəmisi Somalinin Eyl şəhərindən 25 dəniz mili şimal-şərqdə ələ keçirilib. Səkkiz silahlı şəxs gəmiyə qalxıb və daha sonra onu ələ keçirib", - deyə "Ambrey" bildirib.
Qeyd olunur ki, gəmi sonuncu dəfə Bakı vaxtı ilə saat 14:31-də avtomatik identifikasiya sistemi vasitəsilə siqnal ötürüb. Həmin vaxt gəmi Somali sahillərinə doğru şimal-qərb istiqamətində hərəkət edib.
Gəmi Türkiyənin Tekirdağ şəhərindən çıxaraq Tanzaniyanın Dar əs-Salam şəhərinə gedirmiş.