ABŞ Prezidenti Donald Tramp PUA-lara (Pilotsuz Uçuş Aparatı - dron) və onların komponentlərinə rüsumlar tətbiq etməyi əmr edib.
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə Ağ Ev rəsmi məlumat verib.
Administrasiyadan bildirilib ki, 100% dəyərində olan rüsum maksimal uçuş kütləsi 25 kq-dan çox olan PUA-lara, termal görüntü cihazları, yanaşma stansiyaları ilə təchiz olunmuş PUA-lara və müəyyən PUA komponentlərinə tətbiq olunacaq. 25%-lik rüsum isə maksimal uçuş kütləsi 25 kq və ya daha az olan PUA-lara tətbiq olunur.
Eyni zamanda, Yaponiya, Cənubi Koreya, Tayvan, İsveçrə, Lixtenşteyn və ya Avropa İttifaqı (Aİ) üzvü ölkələrindən olan məhsullar üçün rüsum, bəyannaməyə əsasən, dəyərin 15%-ni keçməməlidir. Böyük Britaniyadan olan məhsullar üçün rüsum 10%-dən çox olmamalıdır.
ABŞ ticarət naziri Hovard Lyutnik müəyyən edib ki, PUA-lar və onların komponentləri ABŞ-nin milli və iqtisadi təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Sənəddə qeyd olunur ki, dronlar müasir silahlı münaqişələrdə əsas texnologiyalardır və ABŞ-nin hazırkı və gələcək hərbi əməliyyatları üçün həlledici əhəmiyyət kəsb edir.
Nazir, həmçinin qeyd edib ki, bəzi xarici şirkətlərin PUA-ları və onların komponentləri milli təhlükəsizlik üçün təhdid yaradır, çünki istehsalçıya məlumat ötürə bilər.
Xüsusilə həssas hesab edilməyən PUA komponentləri üçün rüsumlar qərar imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək.