Xocavənd rayonu ərazisində baş verən mina partlayışı nəticəsində xəsarət alan iki nəfər avqustun 12-də saat 18 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 1989-cu il təvəllüdlü şəxsə üz və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xocavənd rayonunda mina partlayışı baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıblar.
Hadisə işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasov minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozerlə minaya düşüb.
Hadisə nəticəsində Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", - məlumatda deyilir.