Amerika Kubokunun B qrupunda ikinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk görüşündə Ekvador Yamayka ilə qarşılaşıb. Sürətli hücumlarla başlayan matçda hesab 13-cü dəqiqədə açılıb. Kasi Palmer avtoqol müəllifi olub - 1:0. 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kendri Paez Ekvador millisini yenidən hesabda irəli çıxarıb - 2:0. Fasilədən sonra bir qədər toparlanan yamaykalılar fərqi birə endiriblər. 54-cü dəqiqədə Mixail Antonio dəqiq oynayıb - 1:2. Görüşün sonlarına doğru hücumların kəsərini bir qədər də artıran ekvadorlular əsas vaxta əlavə olunmuş birinci dəqiqədə qol vurublar. Alan Minda matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1.
Venesuela - Meksika görüşünün taleyini yalnız bir qol həll edib. 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Salomon Rondon komandasına növbəti qələbəni qazandırıb - 1:0.
Qeyd edək ki, hazırda aktivində altı xalı olan Venesuela millisi B qrupunun lideridir. Hərəyə üç xalı olan Ekvador və Meksika seçmələri ikinci-üçüncü pillələri bölüşürlər. Sonuncu yerdəki Yamaykanın xalı yoxdur.
Anar Həsənov
Rəylər