Fevralın 15-də qolf üzrə Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycana səfər edib.
Oxu.Az xəbər verir ki, ölkəmizə səfəri çərçivəsində Azərbaycanda 2012-ci ildə yaradılmış Azərbaycan Qolf Federasiyasının fəaliyyəti, iş planı və gördüyü işləri yüksək qiymətləndirən Nick Tarratt görülən işlərdən razı qalıb.
Fevralın 16-da Quba Qolf klubu ilə tanış olan qonaq burada yaradılan şəraitdən məmnunluğunu ifadə edib.
O, xüsusilə vurğulayıb ki, Azərbaycan qısa bir müddət ərzində qolf idmanında zirvələri fəth edəcək. Beynəlxalq Avropa Turunun rəhbərinin bu səfərinin əsas məqsədi Azərbaycan Qolf Federasiyası ilə tanışlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Bu gün, fevralın 17-də Beynəlxalq Avropa Turunun rəhbəri Nick Tarratt Azərbaycan Qolf Federasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Qolf Akademiyasını ziyarət edib.
AQF-nin vitse prezidenti Elnur Abdullayev Beynəlxalq Avropa Turunun rəhbəri ilə görüşüb.
Görüşdə Azərbaycanda qolf idmanının inkişafı və ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycanın European Tour üçün yeni bir istiqamət kimi maraqlı və regionda analoqu olmayan mərkəzə çevrilməsi xüsusi vurğulanıb və bu məsələlər ətrafında daha geniş söhbət aparılaraq müzakirə edilib.
Səfərindən çox razı qalan qonaq bildirib ki, AQF-nin yeni yaradılmasına baxmayaraq qısa müddət ərzində görülən böyük işlərin sayəsində European Tour rəhbərinin Azərbaycana səfəri baş tutub.
Foto: Nüsrət Abdullayev
www.oxu.az