“Qəbələ”nin ukraynalı futbolçusu Vitali Vernidub “Tribuna” blogeri Qriqori Zaydmana verdiyi müsahibəsində Azərbaycandakı həyatına dair maraqlı çox şey danışıb.
- Siz xaricdə ilk dəfədir ki, oynayırsınız. Artıq qərarlaşmısınız?
- Asta-asta alışıram. Azərbaycan özünəməxsus ölkədir, öz koloriti var. Ailəmi gətirsəm asan olacaq, rahat nəfəs alaram. İndi təkəm, mənə bir qədər çətindir.
- Bakıda?
- Xeyr, Qəbələdə. Avropa kuboklarının matçlarında, Bakı komandası ilə oynamalı olanda Bakıya yeddi-on günlük gəlirik. Bakı ilə Qəbələ arasında üç saatlıq yoldur.
- Qəbələ necədir?
- Balaca şəhərdir. Mən şəhəri seyr etməyə yox, işləməyə gəlmişəm. Futbol üçün Qəbələdə əla şərait var, infrastruktur çox gözəldir.
- Hamı Qəbələdəki gözəl infrastrukturdan danışır. Bir qədər ətraflı olar?
- Birincisi, yaşadığımız mehmanxana. Arzu edənlər kirayə evdə də qala bilərlər, amma əgər klub gözəl otel təşkil edirsə nə mənası var? İkincisi, məşq sahələri. Mən belə keyfiyyətli meydan görməmişdim. “Qəbələ”də İngiltərədən olan aqronom işləyir, o, bütün bunlara nəzarət edir. Üçüncüsü, idman zalı, hovuz, inkişaf üçün hər şey var.
- Keçidiniz necə baş tutdu?
- Hər zaman Ukraynanın top-klubunda oynamağı arzulamışam. Amma artıq 28 yaşım olacaq, oturub gözləyə bilməzdim – istədiyim yerə çağırmalarını gözləyə bilməzdim. Ona görə də “Qəbələ” ilə əlaqə saxlayıb, “Zarya” ilə danışdıqda və mənə konkret təklif etdikdə mən cavab verdim. “Qəbələ”də olan uşaqlarla ünsiyyət qurdum və razılaşdım. Niyə? Birincisi, Roman İosifoviç əsas amildir. Biz Zaporojyedə işləmişik, onun yanaşması xoşuma gəlir.
İkincisi, layihənin özü cəlb etdi, klub qarşısında yüksək vəzifələr qoyulub. Üçüncüsü isə, mənə elə gəlir ki, bunu deməklə Amerika açmayacam – maliyyə durumu. Bizim çempionatda bununla əlaqədar indi böyük problemlər yaşanır. Bəziləri mənə xəbis deyə bilərlər, amma mən ailəm qarşısında məsuliyyət daşıyıram. Çox oxuyuram, internetdə şərhlərə baxıram – insanlar mənim seçimimi qınayırdılar, amma onların heç biri nə mənim oğlumu, nə də həyat yoldaşımı yedizdirəcəkdi. Həm də əgər müəyyən nəticə əldə edilibsə, biz Avropa liqasına çıxmışıq, deməli seçimim doğru idi.
- Əgər Qriqorçuk əsas amildirsə, bəlkə o sizi əvvəllər “Çernomorets”ə də çağırıb?
- Maraq var idi, amma “Çernomorets” birinci liqadan çıxdıqdan sonra klublar razılaşmadılar.
- Yeri gəlmişkən, elə alındı ki, köhnə dostlar Qriqorçuk və Vernidub-ata mərkəzi müdafiəçilərini dəyişdilər: siz “Qəbələ”yə gəldiniz, Sivakov isə “Zarya”ya getdi.
- Bəli, “Panatinaikos” ilə cavab matçından öncə bizim məşqçi buna fikir verdi, bu, sadəcə təsadüfdür.
- Atanız sizin Rusiyadan daha cəlbedici bir təklifiniz olduğunu, amma sizin vətənpərvərlik baxışlarından bu təklifə qəti etiraz etdiyinizi söylədi. Klubun adını açıqlayarsız?
- Konkret təklif hələ qışda edilmişdi. Mən həmin an imtina etdim. Yaranan vəziyyətdə bu mənim tərəfimdən satqınlıq və bayrağıma tüfürmək olardı. Klubun adını açıqlamayacam, bu, top-səviyyə deyil – cədvəlin sabit ikinci hissəsidir.
- Atanız sizi asanlıqla buraxdı?
- Əlbəttə ki, yox. Ata kimi o, istərdi ki, yanında olum. Məşqçi kimi də: “Zarya”da biz nəticələr əldə etmişdik, Avropa kuboklarına çıxmışdıq. Amma hər şeyi ölçüb-biçdikdən sonra biz atamla mənim “Qəbələ”yə keçməyimin daha yaxşı olacağını qərara aldıq.
- Yenə də “Qəbələ”yə keçmənin əsas motivasiyası nədir?
- İnkişaf etmək. Deyilənlərə görə Azərbaycana hər şeyə son vermək üçün gəlirlər. Əksini sübut etmək istəyirəm. Özümə sübut etmək istəyirəm!
- Kiril Kovalçuk xarici təkliflərdən etiraz etdi ki, Mixail Fomenkonun gözü önündə olsun. Siz də yığmada debüt etməyi çatdırmısınız. Yığmanın məşqçilərinin nəzər nöqtəsindən uzaq düşəcəyinizə dair narahatçılıq yoxdur ki?
- Əgər “Qəbələ” göz qabağında olarsa, mən də yaxşı formada olaramsa və daima oynayaramsa, məni çağıracaqlar. Həm də biz Avropa Liqasında oynayırıq. Əgər məşqçilər Azərbaycan çempionatını izləməsələr belə, Avropa kuboklarına mütləq baxacaqlar, ona görə də heç bir problem görmürəm.
- Əvvəllər deyirdilər ki, komandada üç braziliyalı – karnavaldır. “Qəbələ”də dörd ukraynalı və o qədər də məşqçi var. Ukrayna karnavalı yoxdur ki?
- Xeyr. Biz ünsiyyətcil insanlarıq, hamı ilə asanlıqla dil tapırıq.
- Dil bir qədər incə məqamdır. Əvvəllər bizə legionerlər gələndə onları niyə dil öyrənmədiklərinə görə qınayırdıq. İndi siz xaricə gəlmisiz, deməli Azərbaycan dilini öyrənməlisiniz.
- Doğrudur. Amma bizim vəziyyətimiz Azərbaycanda demək olar ki, hamı rus dilini bildiyi üçün yüngülləşir. Yaşlı nəsil rahat danışır, gənc nəsil bir qədər pis. Amma ümumilikdə dil problemi mövcud deyil, bəxtim gətirib.
- Azərbaycanın və burada yaşayan insanların özünəməxsusluğu nədədir?
- Dinə olan münasibətləri heyran edir. Bir çox azərbaycanlılar imanlıdırlar. Təsəvvür edin, təlimlərdə, ağır məşqlər zamanı qüvvənin sərf edildiyi bir dövrdə insanlar oruc tutur, gün ərzində yemək yemirlər. İradələri inanılmazdır. Onların temperamentli olduqları məlumdur, bu, məni təəccübləndirmədi. Hər şeyi olduğu kimi qəbul edirəm, axı mən qonağam. Sadəcə danışığıma daha çox fikir verirəm, çünki onlar inciyəndirlər. Yolda hərəkət də Azərbaycanın özəlliyidir. Bakıda ilk gün diqqət etdiyim şey hamının siqnala basmasıdır, həm də istənilən səbəb üzündən – gedirlər, dayanıblar, fərqi yoxdur. Əvvəlcə düşündüm ki, bu, onların salamlamasıdır. Taksi sürücüsündən səbəbi soruşdum. O isə cavab verdi ki, “Səbirsiz xalqdır, hamı tez keçmək istəyir. Emosiyalar!”.
- “Qəbələ”də “Arsenal”ın əfsanəvi oyunçusu Toni Adams işləyir. Ondan mənim birinci soruşacağım şey “Onların nəsli bu qədər oynamağa necə nail olur?” sualı olardı.
- Yox, mən ondan ilk növbədə oyun sirrlərini soruşardım, çünki mövqelərimiz eynidir! Biz tanış olmuşuq, amma normal ünsiyyət qurmamışıq. Bu iki ay yarım müddət ərzində səfərlər çox olub, asudə vaxt azdır. Həm də ingilis dilim zəifdir, öyrənmək üçün səbəb olacaq. Nəyi gözdən qaçırmadım: insan artıq neçə ildir ki, oynayır, amma özünü gözəl formada saxlayır, əla görünür! Bizimlə məşq etmir, amma idman zalına nə vaxt gəlsəm onu orda görürəm.
- Klubda hansı funksiyaları var?
- Çox geniş öhdəçiliklər dairəsi var. Seleksiya, prosesin təşkili üçün, personalın seçilməsi üçün məsuliyyət daşıyır. Bundan başqa, komanda ilə çox vaxt keçirir, bütün oyunlarda iştirak edir.
- Avropa Liqasının təsnifat matçlarının hamısında iştirak etmirdiniz. Bu, sizi qəzəbləndirirdi?
- Bu, məni qəzəbləndirə bilməzdi, çünki komanda qalib gəlirdi. Həvəsləndirirdi? – hə.
- “Qəbələ” dörd mərhələ keçib, amma bütün mərhələləri çətinliklə keçib, heç bir qələbə qeyri-şərtsiz qazanılmayıb. Nəyə görə?
- Komanda hələ çiydir. Biz yalnız iyunda toplanmışıq – yeni sima çoxdur, hələ oynamağı çatdırmamışıq. Həm də futbolçuların vəziyyəti çox fərqlidir. Hazırlıqları Avropa kuboklarına uyğunlaşdırırdılar. Əvvəlcə ağır gedirdi. Amma nəticə varsa, demək hər şey düzgün edilib.
- Seçmə zamanı qrupa qədər gedib çatacağınıza əminlik yaranırdı?
- Son ana qədər yox. Bəlkə də “Panatinaikos” ilə cavab matçından öncə pleyy-off mərhələsində yaranırdı. Xatırlayıram ki, Yunanıstanda oyun öncəsi məşq keçirirdik, ertəsi gün Qriqorçuk bildirdi:
“Bu gün nəticənin bizdən yan keçməyəcəyini görürəm. Dünən necə məşq etdiyinizi gördüm. Belə hazırlıq ilə istədiyimizə nail olacağıq”. Və o, haqlı çıxdı!
- Bütün təsnifatın ən ağır anı?
- Yunanıstanda “Panatinaikos” ilə son 15 dəqiqə. Biz 2:1 irəlidə idik, 75-ci dəqiqədə qol buraxdıq. 2:2 bizi qane etmirdi, amma yunanlar yaman inadlı idilər və təzyiq göstərirdilər. Xoşbəxtlikdən biz dözdük.
- “Çernomorets” Avropa liqasının qrupundan çıxdıqdan sonra Roman Qriqorçuk püşkatmadan öncə “Lion”u düşündü. Dortmund və “Krasnodar”ı o, təsadüfən proqnoz vermədi?
- Bu dəfə mən tapdım! Hamıya deyirdim ki, “Dortmund olacaq”. Hiss edirdim ki, qlobal, güclü komanda düşəcək. Çox sevinirəm ki, bizə “Borussiya” düşdü. Onlarla oynamağa inanılmaz marağım var. Mən ümumiyyətlə, Avropa liqasından öncə həvəsliyəm – ilk dəfə belə səviyyədə və belə qrafik ilə oynayacam. Belə mərhələdə əsas olan bərpa olmaq və taktikadır. Əsas məşq etmək və hazır olmaq deyil, əsas ayağa qalxmaqdır, mənən bərpa olmaqdır.
- Roman Qriqorçuk Zaporojyedə oynadığınız dövrdən bəri dəyişib?
- Tələblər eynidir: nizam-intizam, öhdəçiliklərinə dürüst yanaşma, taktiki savad. Tənbəlliyi və laqeydliyi sevmir. İki tərcüməçinin - birinin Azərbaycan dilinə, digərinin isə ingilis dilinə tərcümə etdiyi dərslərə alışmışıq. “Qəbələ”də hamı anlayıb ki, əsas məşqçinin meyarlarıdır və onları yerinə yetirməyə çalışırlar.
- Amma deyildiyinə görə, əvvəlcə onun tələbləri heç də yaxşı qarşılanmırdı.
- O zaman mən komandada olmamışam. Amma danışırlar ki, bir çox azərbaycanlılar və legionerlər onun yanaşmasını yaxşı qəbul etməyiblər. Hətta danışırlar ki, məşqçi nəzəriyyəni 9.45-ə təyin etdiyi halda, futbolçular yalnız 10.15-ə toplanıblar. Uşaqlar yəqin sadəcə kiminlə üzləşdiklərini və bunun yolverilməz olduğunu anlamırdılar.
Ukraynalılar üçün bu, yolverilməzdir. Belə şey sadəcə ola bilməz! Belə bir hadisə olmuşdu: Azərbaycana yanıma qardaşım gəlmişdi. O da futbolçudur. Biz funikulyora gəzməyə getdik. Getdiyimiz yerdə dayandıq. Hündürlük 30-40 metrdir. Saata baxıram və qardaşıma: “Yarım saat sonra nəzəriyyəmiz var, yəqin ki, burdan tullansam yaxşıdır, çünki gecikə bilmərəm!” dedim. Güldük. Nəzəriyyəyə çatdım, çünki ləngimə çox olmadı.
- Atanızla oyunları müqayisə edirsinizmi?
- Əlbəttə, o, bütün matçlara baxır, hətta çempionatın oyunlarına baxır. Məni dəstəkləyir. Əgər səhvlər varsa, mütləq onları göstərir. Bir dəfə qol ilə nəticələnən səhvim barədə çox sərt şəkildə danışdı. Onu bir qədər sakitləşdirməli oldum: “Stop-stop! Sən mənim məşqçim deyilsən. Bir gün sonra izahatım olacaq, payımı alacam. Səndən isə dəstək istəyirəm”. Atam gülüb: “Hə, hə, doğru deyirsən, bir qədər irəli getdim” dedi.
- Ukrayna futbolunu izləyirsiniz?
- İnternet ilə izləyirəm. Planşetdə bütün saytlar dolub, Tribuna.com o cümlədən. Xəbərləri, uşaqların müsahibələrini oxuyuram. Oyunlara tam olaraq nadir hallarda baxıram, yalnız “Zarya”nın oyunlarını izləyirəm.
F.H.
www.oxu.az