Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda hər üç nəfərdən birinin mənzilə ehtiyacı var - RƏY
Azərbaycanda mənzilə tələbat yüksək olaraq qalır. Bunu nəzərə alan dövlət həm ipoteka kreditləri, həm də güzəştli mənzil proqramı, eləcə də, Dövlət İpoteka Zəmanət Fondunun vasitəsilə kirayə fondunun özəlləşdirilməsini təmin edən proqramlara başlayıb.
Ümumiyyətlə, Azərbaycanda nə qədər evsiz adam var? Ölkədə nə qədər mənzilə ehtiyacı olan insan var? Bu sualın rəsmi cavabı yoxdur, amma bəzi rəqəmlərlə fikir yürütmək olar.
Oxu.Az xəbər verir ki, təkcə “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10 242 nəfərdir və onlara cəmi 324 mənzil təklif olunurdu.
Elə bu göstərici mənzilə nə qədər böyük ehtiyac olduğunu göstərir.
Əldə olan rəsmi informasiyalar göstərir ki, bizdə əhalinin hər 1000 nəfərinə düşən mənzillərin sayı inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağıdır. Məsələn, hazırda bizdə həmin göstərici orta hesabla 188-dir, amma Avropada 400-600 intervalında dəyişir.
Ekspert Rövşən Ağayevin sözlərinə görə, 2005-2017-ci illərdəki “mənzil bumu” zamanı belə tikilən mənzillərin sayı tələbatla müqayisədə az olub. Çünki əhalinin artım sürəti mənzillərin artım sürətindən xeyli çox olub.
“Məsələn, 1995-2017-ci illərdə öllkə əhalisi 29%, mənzillərin sayı 21% artıb. Başqa maraqlı məlumat budur ki, kənd yerlərində əhalinin hər 1000 nəfərinə 179, şəhərlərdə isə 204 mənzil düşür və şəhərlərdə 14% çoxdur. Rəsmi statistikaya görə, hazırda kəndlərdə 4.6 mln. nəfər yaşayır və 829 min mənzil var. Şəhərlərdə isə 5.2 mln. nəfərin 1.1 mln. ədədə yaxın mənzili var”.
Bir maraqlı fakt da odur ki, adambaşına mənzil sahəsinə görə ən aşağı göstərici Tərtərdə - 14 kv.metr, ən yüksək Abşerondadır - 24 kv.metr. Yəni ən aşağı və ən yüksək göstərici arasında az qala iki dəfə fərq var.
Ekspert Ramil Osmanlının açıqlamasına görə, Azərbaycanda hər üç təsərrüfatdan birinin mənzilə ehtiyacı var.
“Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinad etsək, Azərbaycanda adambaşına 18,1 kvadrat metr yaşayış sahəsi düşür. Amma mənzil fondunun bir hissəsi istifadəyə verilməmiş boş qalan mənzillər hesabına formalaşır. Həmin boş qalan mənzillərin sahəsini çıxsaq, daha kiçik bir göstərici alınar”.
Müqayisə üçün qeyd edək ki, bu rəqəm ABŞ-da 47-50 kv.metr, Avropada 32-42 kv.metr, Rusiyada, Qazaxıstanda 30 kv.metrə yaxındır.
R.Osmanlı hesab edir ki, dövlət proqramları xətti ilə satışa çıxarılan mənzillər ümumillikdə Bakı şəhəri üzrə dövriyyədə olan ümumi mənzil fondunun 10 faizə qədərini təşkil edir və müəyyən mənada mənzillə təminatda böyük imkanlar açır. İpoteka Kredit Zəmanət Fondunun daxili imkanları hesabına bu işləri daha da genişləndirmək olar.
Qeyd edək ki, 2019-cu ildə ipoteka kreditlərinin verilməsi məqsədilə dövlət büdcəsində 150 milyon manat nəzərdə tutulub və həmin məbləğ müvəkkil banklar tərəfindən əhaliyə təqdim olunur.
İlhamə Abdullayeva