Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını dəmiryolu xətti birləşdirəcək.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına əsasən, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır:
“Bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib. Belə ki, ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır”.
“Bizim mühəndislər hazırda bu məsələni araşdırır. Biz yeni dəmir yolu xəttinin tikintisini nəzərdən keçiririk. Bu xətt körpü boyu (avtomobil yolu üzərində) hava limanının aşağı hissəsi istiqamətində olacaq. Bakı dəmir yolu vağzalı və hava limanını birləşdirəcək xəttin uzunluğu 25 kilmoter təşkil edəcək”, - Qurbanov deyib.
QSC sədrinin sözlərinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin “Stadler” zavodundan aldığı yeni elektrik qatarları Bakı-Abşeron-Sumqayıt dairəvi marşrutu üzrə, sonra isə Novxanı-Pirşağı-Zabrat istiqamətində hərəkət edəcək. Elektrik qatarları Bakı Metropoliteninin “Koroğlu” stansiyası ərazisində yerləşən stansiya vasitəsilə yenidən Bakıya qayıdacaq”.
O əlavə edib ki, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin “Koroğlu” stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində aeroportadək hərəkət edəcək:
“Layihə baxılması üçün hökumətə təqdim edilib və onun reallaşdırılması tamamilə maliyyələşdirmədən asılı olacaq”.