Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilmiş konfrans keçirilib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2009-2013-cü illərə dair qəbul edilmiş Dövlət Proqramında ARDNŞ-a həvalə olunmuş tədbirlərin icrasından danışıb.
ARDNŞ-nin prezidentinin sözlərinə görə, Dövlət Proqramının icrası sayəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, ölkəmiz qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib.
“2006-cı ildən etibarən “Şahdəniz” layihəsi üzrə aparılmış işlər nəticəsində ölkəmiz beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz mənbəyi təchizatçısı kimi təqdim edib”.
Rövnəq Abdullayevin sözlərinə görə, geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkəmizin qaz hasilatını 2004-cü ildəki 5,5 milyard kubmetrdən 29,5 milyard kubmetrə çatdırmağa imkan verib.
SOCAR prezidenti qeyd edib ki, 2013-cü ildə 13,3 milyard kubmetr qaz respublikanın qaz nəqli sisteminə təhvil verilib.
“İki böyük yatağın – “Ümid” və “Abşeron” qaz yataqlarının kəşf edilməsi Azərbaycanın zəngin potensialının tam və səmərəli istifadə olunması üçün daha böyük perspektivlər açıb. “Ümid” yatağının bir neçə gün bundan əvvəl təhvil verilmiş 12 nömrəli kəşfiyyat quyusundan alınan nəticələr yatağın daha böyük ehtiyata malik olduğunu təsdiq edib”.
Qaz anbarlarının aktiv tutumunun artırılması haqqında Prezidentin tapşırığının icrası ilə bağlı məruzə edən Rövnəq Abdullayev deyib ki, əvvəllər qaz anbarlarının tutumu şirkətə 800 milyon kubmetr qaz saxlamağa imkan verirdi:
“Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılıb.
2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz yığmışıq. Havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da “Şahdəniz” yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir. 2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb”.
Ölkənin qazlaşdırılması haqqında danışan Rövnəq Abdullayev qeyd edib ki, 2013-cü ildə qazlaşdırma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılıb:
“Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunub. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunub, 41 qazpaylayıcı stansiya yenidən qurulub, ölçü qovşaqları istismara verilib və təmir edilib, ən müasir qurğularla təchiz olunub”.