Təqdim edəcəyimiz siyahını dünyada ən iri səyahət saytı olan “Trip Advisor” tərtib edib. Yer kürəsinin müxtəlif ölkələrindən olan turistlər tərəfindən yüksək qiymətləndirilən 25 şəhərin reytinqində birinci yerə layiq görülən şəhər hətta siyahını tərtib edənləri belə təəccübləndirib.
Bir sözlə yay fəslinin birinci ayının yarısı keçdi. Əgər siz səyahət sahəsində sizdən daha çox təcrübəyə malik insanların rəyinə qulaq verib, maraqlı bir məkan axtarırsınızsa bu siyahı sizin üçündür. Bəlkə builki də olmasa, gələn ilki məzuniyyətinizi keçirmək üçün seçəcəyiniz şəhər bu siyahıdadır.
25. San-Fransisko, ABŞ.


Körfəzin yaxınlığında yerləşən şəhər öz təpələri ilə məşhurdur. Burada 30 metrdən artıq hündürlüklər təpə adlanır. San-Fransisko ərazisində 42 təpə var. Şəhərin bəzi rayonları yerləşdikləri təpələrin şərəfinə adlandırılıb, məsələn: Nob-Hill, Pasifik-Heyts, Raşen-Hill, Potreto-Hill və Teleqraf-Hill. ABŞ-da ən rəngarəng etnik və mədəni tərkibə malik şəhərlərdən biridir. San-Fransiskoda Alkatrasa, Qızıl Darvaza körpüsünə və ya Koyt qalasına gedə bilərsiz.
24. Çianqmay, Tayland.


Yaşıllıqlara qərq olmuş bu şəhər Taylandın digər şəhərlərindən fərqli olaraq daha sakitdir. Buranı “Şimal qızılgülü” də adlandırırlar. Pinq çayının hövzəsində dağların arasında yerləşən şəhərdən 90 km qərbdə Taylandın ən hündür dağ zirvəsi Doyintxanon ucalır.
23. Lissabon, Portuqaliya.


Lissabon 20 əsrlik tarixi olan şəhərdir. Şəhər Müqəddəs Georgi qəsrinin nəzarəti altındadır. Bu şəhər orta əsr və mavritan memarlığının vəhdəti ilə seçilir. Burada hətta tramvayları tarixi əsər adlandırmaq olar, belə ki, onlardan çoxunun yaşı 100-ü keçib. Lissabon Avropanın ən qərbi paytaxtıdır. Şəhər Pireney yarımadasının cənubi-qərbi sahilində, Mar da Palya buxtasının qərb sahilində yerləşir.
22. Sidney, Avstraliya.


Sidney Avstraliyanın paytaxtı olmasa da ən iri şəhərlərdəndir. Yaradılarkən “Yeni Albion” adını alan şəhər sıfırdan qurulub: evlər və küçələr tikilib, yollar və körpülər salınıb, səpin üçün əlverişli torpaqlar seçilib və məhsul yetişdirilməyə başlanıb. Bir müddət sonra Yeni Albion Lord Tomas Taunşend Sidneyin adını daşımağa başladı. Sidneyin simvolları Harbor körpüsü və Sidney opera teatrının binasıdır.
21. Budapeşt, Macarıstan.


Buda, Obuda və Peşt şəhərlərinin birləşməsindən Macarıstanın paytaxtı meydana gəlib. Budapeşt memarlıq abidələri ilə zəngin bir şəhərdir. Şəhərin simvolu əsrin əvvəlində tikilmiş Parlament binasıdır. Budapeşti haqlı olaraq dünyanın ən gözəl şəhərləri sırasına aid edirlər, şəhərin Dunaya açılan mənzərəsi ilə mərkəzi UNESCO-nun planetin Dünya irsi siyahısına daxil edilib.
20. Banqkok, Tayland.


Çao Praya çayında yerləşən ada Rattanakosin adlanır, tərcümədə “cavahirat” mənasını verir. Banqkokun tarixi mərkəzində Vat Pxo məbədi yerləşir, onun yanında isə Çin mozaikası ilə bəzədilmiş kitabxana var. Buddizm memarlığına aid yeganə dəmir bina isə Vat-Ratçanada məbədindədir.
19. Keyptaun, CAR.


Şəhər Teybl-Mauntin dağının ətəyində yerləşir. Mərkəzi elə də böyük deyil və bir tərəfdən dağ, digər tərəfdən isə Teybl körfəzi ilə əhatə edilib. Bu, əsrarəngiz sahillər, dağ massivləri və çimərliklər şəhəridir.
18. Çikaqo, ABŞ.


Şəhərin adı hindu dilindən tərcümədə “yabanı zanbaq” kimi tərcümə edilir. Bu gün dünyanın 50 ən hündür binasının 10-u Çikaqodadır. Onların arasında 442 metr hündürlüyü olan Uillis (Sirs)-Tauer Şimali Amerikanın ən hündür binasıdır. Burada 609 metr hündürlüyü olan Çikaqo-spayr tikilir. Bundan başqa, bu şəhər ABŞ-da ən yaxşı məzhəkə məkanı hesab edilir. Məşhur Qrant-park və Millenium-park da burada yerləşir.
17. Dubay, BƏƏ.


Yaxın Şərqdə Sinqapur və Honkonqdan sonra ən iri ticarət və turizm mərkəzi olan Dubayda iki dəniz və iki beynəlxalq hava limanı var. Xəlifə bürcü, Bürc-əl-ərəb, musiqili fəvvarə, Akvarium uzun müddət gördüklərinizin təsiri altında qalmağınıza səbəb olacaq.
16. Sankt-Peterburq, Rusiya.


Ərazisinə görə Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburq ölkənin mədəniyyət mərkəzidir. Bu şəhərə səyahət zamanı mütləq Qış sarayı və Kazan kilsəsini görmək, eləcə də dünya şöhrətli Ermitaj incəsənət qalereyasını gəzmək lazımdır. Sankt-Peterburqun “bəyaz gecələr”i isə turistləri valeh edir.
15. Barselona. İspaniya.


Pikasso, Antonio Qaudi və Salvador Dalinin yaşayıb yaratdığı bu şəhərdə müxtəlif üslub, janr və dövrlərin ahəngi sehirli aləm yaradır. Rambla bulvarında gəzişərək mimlərə tamaşa etməyin, qədim Bokeriya bazarına getməyin, Kolumb heykəlinə qalxmağın ayrı ləzzəti var.
14. Buenos-Ayres, Argentina.


Zəngin Avropa irsinə və memarlığa malik olan bu şəhər Cənubi Amerikanın Parisi adlandırılır. Argentinanın paytaxtı əsasən tanqo və ya futbol ilə assosiasiya edilir. Şəhərin qədim hissəsi Paris, London və Madridi xatırladır, yeni hissəsi isə göydələnləri, çoxsaylı biznes mərkəzləri olan müasir şəhərdir. Şəhər park, bulvar ümumiyyətlə, yaşıllıqlarla zəngindir.
13. Florensiya, İtaliya.


Bu, Arno çayında yerləşən sanki keçmişin örtüyü altında qalan qədim italyan şəhəridir. İtalyan muzeylərinin, kilsələrinin, qalereya və meydanlarının əksəriyyəti bu şəhərdə yerləşir.
12. Nyu-York, ABŞ.


Bu şəhər beş: Manhetten, Steyten-Aylend, Kvins, Bronks və Bruklin kimi administrativ rayonlarından ibarətdir. Müasir Qərb mədəniyyətinin mərkəzi adına layiq olan bu şəhərdə hər kəs öz maraq dairəsinə uyğun mütləq nə isə tapır.
11. Berlin, Almaniya.


Bu şəhər iri Avropa nəqliyyat qovşağıdır, turistlərin ən çox səyahət etdikləri şəhərlərdəndir. London və Paris kimi çoxəsrlik mədəniyyət, incəsənət və memarlıq mərkəzidir.
10. Şanxay, Çin.


Şanxay rahat, qonaqpərvər, eyni zamanda da Çinin ən inkişaf etmiş meqapolisidir. Bu şəhərdə Qərb dəbdəbəsi və Şərq gözəlliyinin vəhdəti adamı heyran edir. Bu şəhər Avropa mədəniyyəti ilə qarşılaşan ilk Çin şəhəridir. Meqapolis restoranlar, heyrətamiz göydələnlər, dəbli ticarət mərkəzləri, kazino, otellər və memarlıq inciləri sayılan qədim binalarla zəngindir.
9. Siyem-Rip, Kamboca.


Siyem-Rip eyniadlı əyalətin paytaxtıdır və eyniadlı çayın sahilində yerləşir. Bu şəhərin 10 000-lik əhalisi demək olar ki, Kambociyanın ruhu hesab edilən, Anqkor məbəd kompleksinə tamaşaya gələn turistlərə xidmət etməklə məşğuldur.
8. Hanoy, Vyetnam.


Vyetnamın paytaxtı artıq min ildən çoxdur ki, Şərq və Qərbin, Çin ənənəsi ilə fransız memarlığının vəhdəti ilə seçilir. Ən yaddaqalan məkan isə “Köhnə kvartal” və ya “36 Fo-Fyunq” – nəhəng ticarət rayonuna çevrilmiş dar küçələrdən ibarət labirintdir.
7. Paris, Fransa.


Parisin məşhur abidələrini məktəb şagirdləri də saya bilərlər. Amma hamının əzbər bildiyi abidələrdən başqa burada kruassanla qəhvə içmək, memarlıq sərgiləri və muzeyləri gəzmək və ya sadəcə Monmartrda oturub ətrafı seyr etmək olar. Parisə gedərkən Eyfel qülləsi və Luvr gəzintisindən sonra Le Fumior kimi məşhur restoranlarda şam yeməyinin dadına baxmağı da unutmayın.
6. Mərakeş, Mərakeş.


Bu, Mərakeşin qədim paytaxtlarından biridir. Ərazisinə görə bu şəhər Kasablanka və Rabatdan sonra üçüncü iri şəhərdir. Mərakeşin sahildə yerləşməsinə baxmayaraq bura dünyanın hər yerindən turistlər gəlir. Onun Jemaa-El-Fna meydanı isə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
5. Praqa, Çexiya.


Bu ölkədə ilin ayından asılı olmayaraq istənilən zaman orta əsrlərə aid şəhərlərdə gəzmək, sayı-hesabı bilinməyən qəsrlərin zallarına tamaşa etmək və bütün dünyada məşhur çex pivəsinin dadına baxmaq mümkündür. Çexiya eləcə də dağ-xizək istirahət mərkəzləri ilə də məşhurdur. Çexiyaya səfər edən hər kəs unudulmaz və uzun zaman təsiri altında qalacağı xatirələrə sahib olacaq.
4. Pekin, Çin.


Pekin ölkənin ən qədim şəhəri olmasa da, ən maraqlı şəhəridir. Bu qarışıq memarlıq nümunələri məkanıdır. Siz burada həm darıxdırıcı monumentlər, həm də sirli və zərif Asiya memarlıq nümunələrini görə bilərsiniz. Paytaxt kimi Pekin gözəl dəmiryolu, avtobus və aviasiya qovşaqları ilə fəxr edə bilər. Çinin qürur mənbəyi olan abidələri 3000 illik tarixi olan Pekində yerləşir.
3. London, Böyük Britaniya.


Klassik ingilis memarlığının nümunələrinin olduğu bu şəhərdə 300 dildə danışırlar. Bu şəhəri ən azından Şerlok Holmsun vətəni olduğu üçün görməyə dəyər. Paytaxt turistlərinin əsas əyləncəsi Kral qvardiyaçılarını görmək, Biq-Beni eşitmək, Tauerdə qarğaları yemləmək və “London gözü”ndən şəhərə seyr etməkdir. Bundan başqa burada çoxlu sayda girişi pulsuz olan muzeylər və çox dadlı pivə var.
2. Roma, İtaliya.


Roma Avropanın ən iri şəhərlərindəndir, bu şəhər sadəcə İtaliyanın deyil, eləcə də Avropa icmasının siyasi və iqtisadi mərkəzidir. Turistlər üçün isə bu dünya şöhrətli abidələrin yaxın məsafədə yerləşdiyi və bu xüsusiyyəti ilə çox rahat gəzintiyə imkan yaradan məkandır.
1. İstanbul, Türkiyə.



Dini baxışların gözlənildiyi və müasir dövrlə ayaqlaşan bu şəhər Sultan Ahmet Camisi, Aya Sofya, Qız Kulesi ilə turistləri cəlb edir. Bu şəhər, həmçinin dadlı yeməkləri, nəfis qəhvəsi, şərq bazarları və qədim memarlığı ilə məşhurdur. Şəhəri gəzib yorulduqdan sonra türk hamamında yorğunluğunuzu çıxarmağı unutmayın.
Səbinə Səmidxan
www.oxu.az