Akademik Aslan Aslanovun qızı Yeganə Aslanova müğənni Afaq Aslanın onun atası barəsində söylədiyi sözlərə münasibət bildirib.
Oxu.Az-a açıqlama verən Y.Aslanova ifaçının sözlərini təkzib edib.
“Mən və ailə üzvlərim heç vaxt belə ucuz “reklam”la atamın adından istifadə etməmişik. Bəzi insanların atamın şəxsi həyatı ilə bağlı yanlış, iftira dolu fikirlər söyləməsinə son qoymalarını tələb edirəm. Onların Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan atamın əziz xatirəsinə xələl gətirməsinə heç zaman imkan yaratmayacağam. Mən akademik Aslan Aslanovun qızı olaraq ailəmiz adından bu məsələyə son qoymaq məqsədilə ilk və sonuncu dəfə bəyan edirəm ki, atamın şəxsi həyatı haqqında söylənilən ağlasığmaz hekayələr, uydurmalar və şayiələrin heç biri həqiqətə uyğun deyil. Həmin şəxsin atam haqqında danışdıqları tamamilə yalandır və bu barədə əlavə şərhlər verməyə ehtiyac duymuram.
Atamın nə doğma bacısı, nə də qardaşı olub. O, ailənin yeganə övladı olub. Onun barəsində "mən akademik Aslan Aslanovun qardaşı qızıyam və ya bacısı qızıyam" kimi ifadələri necə səsləndirə bilirlər?
O şəxs söyləyir ki, atam ADMİU-da prorektor kimi çalışıb. Bu, belə deyil. Atam uzun illər ADMİU-nun rektoru vəzifəsində işləyib.
Atamın bir çox adamlara ad qoyması məsələsinə gəlincə, bu, gizli bir şey deyil: çox xarici ölkələrdə də yaşayan azərbaycanlı ailələr var ki, atam onların da övladlarına adlar qoyub.
Elə qohumlarımız var ki, Bakıya atamın evinə qonaq gəlib, aylarla ailəmizin üzvü kimi yaşayırdılar, ancaq bundan özlərinə reklam üçün istifadə etmirdilər. Çünki onlar atamın xatirəsinə hörmət edirlər. Ancaq o adamı tanımıram, o, heç bizim evimizdə də olmayıb.
Atam və ailəm barəsində uydurma söhbətlər yayan şəxslərdən buna son qoymağı tələb edirəm”, - deyə Y.Aslanova söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az