Oxu.Az İnformasiya Agentliyi bu gündən etibarən oxuculara yeni “Zirvəyə Gedən Yol” adlı rubrikasını təqdim edir. Bu rubrika çərçivəsində hər ay Azərbaycanın tanınmış teatr, kino sənəti xadimləri, xalq artistləri və yerli şou-biznesin ən tanınmış simaları ilə silsilə müsahibələr təqdim olunacaq.
İlk müsahibim Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadə oldu. Əvvəlcə hörmətli sənətkarımız haqqında qısa arayışı sizə təqdim edirəm:
Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun “Solo oxuma” (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsində təhsil alıb.
2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.
Dəyərli muğam ifaçımız dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil edib. 2005-ci ildə Əməkdar Artist fəxri adına, 2011-ci ildə isə Xalq Artisti fəxri adına layiq görülüb.
- Gəlin, sənətə ilk addımlarınızdan danışaq...
- Bu sənətə uşaq vaxtından həvəsim olub. Gözümü açandan ailəmizdə musiqi səsi eşitmişəm. Dayım Musaxan Güləliyev zurna-balaban ifaçısı idi. Hərdən evdə züm-zümə də edərdi, rəhmətlik. Bir oğlu xanəndə, bir oğlu aşıq idi.
Hətta onlar 1997-ci ildə Moskvada “Ailə” ansmablı ilə çıxış ediblər. Onların ən kiçik musiqisi mənim balaban ifaçım və həmyaşıdım Abuzər Güləliyev idi. Xatırlayıram, biz dərsdən çıxandan sonra onlara gedərdik. O balaban ifa edər, mən də onun üçün dəm saxlayardım. Belə-belə məndə bu sənətə həvəs yarandı.
Amma bir nüansı qeyd etmək istəyirəm. Mənim ilk pedaqoji fəaliyyətim Uşaq Filarmoniyasında olub. Mən oraya öz övladlarını gətirən valideynlərə həsəd aparırdım. Çünki ailəm mənə bu məsələdə təkan vermirdi. Valideynlərim həmişə mənə deyirdilər ki, səndən oxuyan olmaz. Get, özünə sənət tap.
O vaxtlar kəndimizin uşaq klubu var idi. 6-cı sinifdə oxuyarkən ilk dəfə həmin səhnədə mahnı ifa etmişəm. Özfəaliyyət dərnəyi həmin tədbiri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etmişdi. Mən isə “Anacan” adlı mahnı oxumuşdum (bu arada Zabit bəy, həmin mahnını qısaca züm-zümə edir-red.).
Amma 17-18 yaşlarımda bayağı musiqiyə çox meyil edirdim. Hərbi xidmətə yollanmaq ərəfəsində idim. Bir dəfə kənd toylarından birinə Alim Qasımov gəlmişdi. Onu diqqətlə dinlədikdən sonra qərar verdim ki, mən muğam ifaçısı olmalıyam.
O vaxt efirdə Hacıbaba Hüseynov, Arif Babayev, İslam Rzayev, Yaqub Məmmədova qulaq asırdım. Hərbi xidmətdən qayıtdıqdan sonra Alim Qasımovun kasetlərini axtarıb tapdım. Onu dinləyə-dinləyə bir neçə muğamı öyrəndim.
1991-ci il. Bakı. A.Zeyanllı adına Musiqi Kollecinin tələbələri.
O zamanlar Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün Bakıya qeydiyyatın olmalı idi. Bu da mənim üçün çətinlik törədirdi. Ona görə mən çalışırdım ki, hansısa zavoda işə düzələrək Bakıya qeydiyyata düşüm. Lakin bu mənə ilk dəfədən qismət olmadı.
Sonra Ələt qəsəbəsində yerləşən Ağac Emalı Kombinatında işə düzəldim ki, Bakıya qeydiyyatım olsun. 2 il orada çalışdım. Həmin illər ərzində kombinatın nəzdində ansambl yaratdıq. Ayda bir dəfə oranın işçilərinə konsert verirdik.
1991-ci il. Pirqulu.
Nəhayət, 1991-ci ildə mən A.Zeynallı adına musiqi məktəbinə daxil oldum. Oraya qəbul olana qədər çox əzablı yollar keçdim.
Həmin musiqi məktəbinə daxil olmamışdan əvvəl mən toylara gedirdim. Tələbə olanda artıq xanəndə kimi qəbul olunmuşdum. 1-ci kursda oxuya-oxuya məni Bakı kəndlərinə toylara aparırdılar. O zaman müəllimim, rəhmətlik Hacıbaba Hüseynov idi. O mənə deyərdi ki, oğlum sən tələbə deyilsən.
Əgər səni birinci kursdan Nardarana toya aparırlarsa sən özün böyük bir xanəndəsən. Şükür edirəm ki, az da olsa onun kimi sənətkarın əlindən su içmişəm. Hər dəfə tələbələrimə dərs keçəndə Hacıbaba Hüseynov nəfəslərindən istifadə edirəm və ona rəhmət oxuyuram.
1991-ci il. Bakı. Fotolarda Nəzakət Teymurova, Gülyaz Məmmədova, Sahib İbrahimov, Zabit Nəbizadə.
- Söylədiniz ki, valideynləriniz bu sənəti seçmək istədiyinizə görə sizə mane olurdular. Bəs sizə güc verən və ruhlandıran nə idi?
- Ən azından ailəmizdəki musiqiçilərə camaatın hörmətini, izzətini görürdüm. Bəlkə, mənim bu sözüm kimlərinsə xətrinə dəyə bilər. Amma o vaxt musiqiçilərə hörmət var idi. Hansı rayona getsəydin ən yaxşı ev, geyim, avtomobil ya musiqiçidə, ya da müəllimdə olardı.
1992-ci il. İlk trio.
Mən uşaq olanda fikirləşirdim ki, görəsən müəllim çay içir, yemək yeyir? İndi isə müəllim şagirdinə müraciət edir ki, siqaretindən birini mənə də ver.
Hərdən fikirləşirəm ki, səhv edib bu sənətə gəlmişəm. Çünki indi yaxşı bilən ilə bilməyənin, öyrədə bilən ilə bilməyənin fərqi yoxdur.
- Deyirlər ki, həyatda hər şeyin dadına baxmaq lazımdır. Bəs siz nələri heç zaman yoxlamazdınız?
- Heç vaxt heç kimə ağız açmıram. Hətta öz doğma balamdan ötrü belə.
- Tez-tez əcnəbi ölkələrdə səfərdə olursunuz. Azərbaycanlı tamaşaçı ilə əcnəbi tamaşaçı arasında hansı fərqi hiss etmisiniz?
- Hər iki tamaşaçı ifaçıya diqqətlə qulaq asır. Bir fərq var ki, öz millətimiz dilimizi başa düşür, alqışlayır. Əslində isə ifa bitdikdən sonra alqışlamaq lazımdır. Əcnəbi tamaşaçı isə mahnı bitdikdən sonra alqışlamağa başlayır.
1996-cı il. İsveçrə. Qastrol səfərində konsertdən sonra.
Bir dəfə əcnəbi səfərlərin birində bayatı ifa etdim, alqışladılar. Konsert bitdikdən sonra bizim səfirliyin işçiləri yaxınlaşaraq şəkil çəkdirmək istədilər. Söylədim ki, digər həmyerlilərimiz də gəlsin çəkdirək. Onlar bildirdilər ki, burada bizdən başqa azərbaycanlı yoxdur.
Mənə təəccüblü gəldi. Soruşdum ki, axı məni musiqi bitməmiş alqışladılar. Onlar dedilər ki, tamaşaçı ifaya görə alqışlayıb, nə olsun ki, dilimizi anlamırlar.
2012-ci il. İran.
Bir çətin məqam da var ki, Avropada çıxış edəndə dili anlamırlar deyə səhv də olsa oxuyursan. Amma öz millətimiz olan yerdə harada ki, dilimizi başa düşürlər, məsələn: Türkiyədə, İranda səhv etməyə çəkinirsən. Fikirləşirsən ki, birdən tamaşaçı səhvini tutar.
2007-ci il. İsveçrə. İstirahət zamanı çəkilən foto.
- Həyatda zahirən eynilə sizə bənzəyən insanla dostluq edərdinizmi?
- Bu günə qədər o barədə fikirləşməmişəm. Əgər xarici görünüşcə mənə bənzəyən biri olsa, mənə maraqlı olardı ki, onun daxili aləmi necədir. Amma inanmıram ki, mənim xasiyyətimdə ikinci insan olsun. Çünki özüm hərdən öz xasiyyətimdən gileylənirəm.
- Bəlkə yenilikləri qəbul edə bilmirsiniz? Keçmiş dövrün ciddiliklərini görüb, indikilərə alışmaq çətindir yəqin sizin üçün?
- Düzdür, elə onu deyəcəkdim. Mən sanki bu əsrin insanı deyiləm. İndi hər kəs özünü fikirləşir. Hərdən o qədər sıxılıram ki, öz doğma kəndimə gedib, orada sakitlikdə yaşamaq istəyirəm.
Alim Qasımovun övladlarının toyundan foto.
- Sizə ünvanlanan tənqidi necə qəbul edirsiniz?
- Həmin tənqiddən nəticə çıxardıram.
- Tamaşaçının sizdə görə bilmədiyi tərəflər hansılardır?
- Mən həmişə çalışmışam ki, göründüyüm kimi olum. Haşiyədən kənara çıxıb bir söz demək istəyirəm. Mən Xalq Artisti adını aldıqdan sonra camaat elə bilir ki, toylara getmirəm. Məndən tez-tez soruşurlar ki, Zabit müəllim, toylara gedirsiniz?
Bəs eşitmişik ki, fəxri ad alandan sonra daha getmirsiniz. Bu da haradan qaynaqalanır, onu da deyim. Bir dəfə zarafatla demişəm ki, xalq artisti toya getməz. Mən xalq artisti adı alandan sonra dəyişməmişəm ki, həmin insanam.
2012-ci il. Bakı. Konsertdən əvvəl.
- Sizin şəxsi uğur reseptiniz varmı? Sizcə, həyatda uğur qazanmaq üçün insandan tələb olunan əsas keyfiyyətlər hansılardır?
- Mənə elə gəlir ki, uğur qazanmaq üçün insani keyfiyyət deyil, bəxtin olmalıdır. İndiki zamanın tələbinə görə isə uğur qazanmaq üçün gedib kimlərinsə qapısını döyməlisən. Mən isə o cür xasiyyətə malik insan deyiləm. Belə bir atalar misalı var: “Ağlamayana pəpə yoxdur”.
- Kimi və ya nəyi öz düşməniniz hesab edirsiniz?
- Özümdən başqa düşmənim yoxdur. Özüm öz qədrimi bilmirəm. Bir neçə gün öncə “AvtoFM”-də belə bir mövzu müzakirə olunurdu. “Hansı xasiyyətinizi tərgidə bilmirsiniz?” Bir nəfər dinləyici ismarış yazmışdı ki, mən yayda da, qışda da qapını-bacanı soyuq su ilə yuyuram. Bu xasiyyətimi tərgidə bilmirəm. Mən də elə xasiyyətdəyəm. Mənə soyuq su qətiyyən olmaz. Səsimin düşmənidir. Bilirəm ki, ziyandır amma edirəm.
- Həyatınızda baş verən hansı hadisə sizin yaradıcılıq fəaliyyətinizə təkan yaxud əngəl olub?
- Çox çətin sual oldu. Sənətdə heç kim mənə təkan verməyib. Hiss etmişəm ki, məni hansısa festivallardan, konkurslardan uzaqlaşdırıblar. Mən isə baş verənlərə görə ruhdan düşməmişəm. Mən həmişə tələbələrimə də deyirəm ki, mənim zirvəyə gedən yolda bir nəfər əlimdən tutmayıb.
2012-ci il. Zabit Nəbizadə tələbələri Mirələm Mirələmov və Abgül Mirzəliyev ilə birgə.
Necə deyərlər, iynə ilə gor qaza-qaza gəlib bu yerə çıxmışam. Mənə dəyən zərbələrdən yıxılmamışam, öz yerimi daha da möhkəmlətmişəm.
Mənim hətta Qızıl Fondda da ifalarım yoxdur.
İstəyirəm ki, bu il yarımçıq qalan işlərimi tamamlayım.
P.S. Zabit Nəbizadə ilə həmsöhbət olmaq çox xoş idi. Sonradan onun müsahibəsini dinləyib hazırladıqca zövq aldım.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az