Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Milli Məclisin deputatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abiyevdir.

- Uşaqdan böyüyə, ələlxüsus da idmançılar sizi tanıyır. Siz 62 ildir ki, idmandasınız, o tarixdən bizə bir az danışın.
- Mən 1937-ci il noyabrın 24-də Bülbülə qəsəbəsində anadan olmuşam, bu qəsəbədə böyümüşəm. Atam neftçi fəhlə, anam isə evdar qadın olub. Doqquz uşaqlı bir ailədə böyümüşəm, 1955-ci ildə Bülbülədə 208 saylı orta məktəbi, 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsini bitirmişəm. 1964-66-cı illərdə institutun Lenin təqaüdçüsü olmuşam.

Tələbəlik illərim gərgin və maraqlı keçib.
1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi kimi çalışmışam. 1967-ci ildə Moskva Polad və Ərintilər İnstitutunun Avtomatika kafedrasının aspiranturasına daxil olmuşam. 1970-ci ildə dissertasiya müdafiə edərək “Texniki elmlər namizədi” elmi adını almışam.

1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, 1973-cü ildən Avtomatlaşdırma və sənaye elektronikası kafedrasının müdiri vəzifəsində çalışmışam.
1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və Elektronika kafedrasının müdiri vəzifəsində çalışmışam.
1987-ci ildən seçki yolu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru seçilmişəm.
Üç monoqrafiyanın, 100-dən çox elmi məqalənin və 4 ixtiranın müəllifiyəm.
1953-cü ildə səkkizinci sinifdən başlayaraq 1966-cı ilə kimi həmişə boksla məşğul olmuşam. İlk və son məşqçim əməkdar məşqçi Oleq Kuxarenko olub.
“Neftçi” İdman Cəmiyyətində on il məşqçi kimi çalışmışam. Sonra Beynəlxalq dərəcəli hakim olmuşam. Boks hər zaman mənim həyatımda önəmli olan idman növüdür. 1957-ci ildə SSRİ idman ustası normasını ödəmişəm.

1956-1966-cı ildə Azərbaycan milli yığma komandasının tərkibində olmuşam. 1960-cı ildə Beynəlxalq görüşlərin (Finlandiya, Almaniya, Litva) qalibi olmuşam.
Mənim ilk məşqçilik illərim 1957-1967-ci illərə təsadüf edir.
İlk tələbələrim SSRİ idman ustası və boks üzrə 11 qat Azərbaycan çempionu Balahəsən Eynullayev, Azərbaycan çempionu Pavil Teneshev və Respublika çempionu SSRİ idman ustası Qubad Bağırov və Yaqub Hacıyev olublar.
1967-1997-ci illərdə eyni zamanda hakim kimi də boksda çalışmışam.
Moskva-1980 Olimpiya Oyunları öncəsi “Beynəlxalq Moskva-79” adlı turnir keçirilirdi və o turnirdə mən hakim kimi fəaliyyət göstərmişdim.
Orada həmçinin professor Emil Jetchev, Ahmet Comert və AİBA prezidenti cənab Donald Xall iştirak edirdi.

1986-cı ildə Leninqradda keçirilən Beynəlxalq turnirdən sonra mənə beynəlxalq (AİBA) hakim dərəcəsi verildi və diplom İvanoviç və Gordienko tərəfindəm təqdim edildi. Beynəlxalq dərəcəli hakim kimi 1988-ci ildə Moskvada keçirilən SSRİ və ABŞ qarşılaşmasında, 1989-cu ildə yenə də Moskvada keçirilən Dünya çempionatında hakimlik etmişəm.
2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında isə boks yarışının baş hakimi olmuşam.
Boksda bir çox dünya ulduzları ilə görüşmüşəm. Onlardan biri, hər kəsin tanıdığı və pərəstiş etdiyi dünya boksunun kralı Məhəmməd Əli ilə idi, onunla görüşdüyüm gün məhz onun yubileyinə təsadüf edən gün idi. O da ABŞ-da keçirilən turnir idi.
1996-cı ildən yeniyetmələr, gənclər və kişilər arasında keçirilən Beynəlxalq turnirlərin və çempionatların təşkilatçısı olmuşam.
Hardasa 2003-cü il idi, yarış keçirilirdi, Avropadan çoxlu qonaqlar gəlmişdi, həmçinin Federasiya rəhbərliyi də gəlmişdi və həmin vaxt ölkə prezidenti cənab Heydər Əliyev qonaqları qəbul etmişdi.
2007-ci ildə Bakıda keçirilən yeniyetmələr üzrə Dünya çempionatının mükafatlandırma mərasimində AİBA prezidenti Dr Ching Kuo Wu da iştirak edirdi.
Deməli, bir neçə il sonra - dəqiq desəm 2009-cu il idi və Dünya Kubok yarışlarının keçirilməsi üçün imzalanma mərasimi keçirildi.
1994-2010-cu illər ərzində bizim Olimpiya hərəkatı liderləri və fəxri qonaqlar ilə müxtəlif görüşümüz olub.
- Biz gənclərin sizdən öyrənəcəyimiz çox şey var. Ağacan müəllim, sizin kimi maraqlı insanın sevimli məşğuliyyəti də olmalıdır.

- Bəli, hər bir insanın sevimli məşğuliyyəti var və bunlar müxtəlifdir.
Mənim sevimli məşğuliyyətim rəssamlıqdır. Müxtəlif şəkillər çəkirəm. Əsasən təbiət rəsmləri çəkirəm.
- Azərbaycan mühüm layihələrə imza atıb. Ən əsası da “Eurovision” kimi layihəyə ev sahibliyi edib, indi isə Avropa Oyunları kimi məsuliyyətli layihəyə imza atacaq. Ümumiyyətlə, Avropa Oyunları ideyası yaranandan nə düşünürsüz? Necə olacaq?
- İdeya yarananda artıq biz böyük bir yarışın məsuliyyətini öz üzərimizə götürmüşdük. Romada 48 ölkənin iştirakı ilə iclas keçirildi və 40 ölkə Azərbaycanın lehinə səs verdi.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin çox müsbət rolu var. Ən əsası odur ki, “İlk Avropa Oyunları harda keçirilib?” sualına, “Azərbaycan” cavabı veriləcək və bu, yaddaşlarda həmişəlik həkk olunacaq.

Gənclik bu gün qürur duymalıdır ki, onun belə inkişaf etmiş, gözəl ənənələri və mədəniyyəti olan müstəqil ölkəsi var.
Biz bu yarış ilə tarixə düşdük. Bilirsiz, çox az müstəqillik tariximiz var, ona görə də belə möhtəşəm layihələrin Azərbaycan kimi ölkədə baş tutması böyük hadisədir.
Hər ölkə belə bir layihəni öz öhdəliyinə götürə bilmir. Əslində bu layihənin müddət olaraq ən azı dörd il hazırlıq mərhələsi olmalıdır. Amma biz iki il yarıma bunu bacardıq.


1-ci Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanımın rəhbərliyi ilə işlər yüksək səviyyədə və beynəlxalq standartlara uyğun aparılır.
- Sizcə oyunlarda hansı idman növü üzrə daha çox qalibimiz olacaq?
- Güləş, boks, cüdo və bədii gimnastika idman növləri üzrə daha çox qalibimiz olacaq. Bundan əlavə, başqa idman növləri də seçiləcək.
Oyunlar televiziya vasitəsilə bir çox ölkədə yayımlanacaq, bu, ölkəmiz üçün böyük reklamdır.
Turistlər Bakını çox sevir, biz qonaqpərvər xalqıq, qonaqlarla səmimi və mehribanıq.



- Oyunlarla əlaqədar bəzi xarici qurumlar qara piar aparmaq istədilər!?
- Bu, onlar üçün sadəcə bir istək olaraq qalacaq. Bəli, bəzi qüvvələr çalışdı ki, nəsə etsinlər, amma özləri də başa düşürlər ki, bu, mümkün deyil. Azərbaycanın imicini ləkələməyə onların gücü çatmaz və mən inanıram ki, I Avropa Oyunları Bakıda yüksək səviyyədə keçiriləcək. Bütün dünyanın diqqəti Bakıda olacaq.



Nərmin Kazımova
www.oxu.az