Oxu.Az İndiana Universitetinin professoru, İran üzrə ekspert Cəmşid K.Çoksi ilə müsahibəni təqdim edir.
- İştirakçıların “tarixi” adlandırdıqları İran nüvə proqramı üzrə razılığın əldə edilməsini necə qiymətləndirirsiniz?
- ABŞ, Aİ, Rusiya, Çin və İran arasında müştərək fəaliyyət kompleks planı həqiqətən irəliyə böyük addımdır. Bu plan Tehranın nüvə silahı almasının əvəzinə, İran üçün qarşıdakı 10-25 il ərzində dünya təhlükəsizliyini təmin edərək iqtisadi və sosial planda inkişaf üçün yol açır.
Əlbəttə ki, İran üçün bu, tarixi razılaşmadır, çünki bu, İranın dünya ictimaiyyətinə reinteqrasiyasının başlanğıcı deməkdir.
- İndi İrana qarşı sanksiyaların tezliklə ləğv ediləcəyindən danışmaq olarmı?
- Əvvəlki nüvə fəaliyyətinə görə, İrana qarşı tətbiq edilmiş, xüsusilə də iqtisadi və texnoloji sanksiyalar, mütəmadi olaraq ləğv ediləcək. Adi növ silahlanmaya qarşı embarqo əvvəlki kimi qarşıdakı beş il, ballistik raket texnologiyalarına qarşı embarqo isə daha səkkiz il müddətinə saxlanılacaq. Bundan başqa, indiki razılaşma İrana qarşı tətbiq edilmiş terrorizm və insan haqlarının pozulmasına dair sanksiyalara aidiyyatı yoxdur, onlar olduğu kimi qalacaq.
- İran nüvə dosyesi üzrə razılaşma regionda necə əksini tapacaq?
- Region üçün əsas iki səmərə olacaq, bu regionda hərbi gərginliyin azalması və daha çox nağd pulun dövriyyəsinə gətirib çıxaracaq ticari partlayışdır.
- Bəs bu saziş Xəzər regionunda İranın enerji siyasətinə necə təsir edəcək?
- İranın əvvəlki neft və qaz ixracatında əsas oyunçu roluna geri qayıdacağını gözləmək lazımdır.
- Yeri gəlmişkən, bununla əlaqədar olaraq bəzi ekspertlər ehtimal edirlər ki, İranın qlobal enerji bazarında mövqelərinin bərpa edilməsi Rusiya, Səudiyyə Ərəbistanı, Azərbaycan kimi enerji resurslarının istehsalçılarının maraqlarına zərər verəcək.
- İran üzrə razılaşma, sözsüz ki, enerji bazarlarını rəqabətqabiliyyətli edəcək və qiymətlərin enməsinə sürükləyəcək.
Eyni zamanda, qiymətlərin enməsi Xəzər regionu və Ərəb Körfəzi ölkələrinin gəlirinə də təsir edəcək. Ticarətin təkmilləşdirilməsi, enerji resurslarına ucuz qiymət dünya iqtisadiyyatına fayda gətirəcək, müvafiq olaraq bu region ölkələrinin investisiya və ticarətin inkişafının stimulyasiyasına müsbət təsir edəcək.
- İran və Azərbaycanın müştərək enerji layihəsində iştirakı mümkündürmü?
- Saziş (İran nüvə dosyesi üzrə) və energetika ilə əlaqədar sanksiyaların ləğv edilməsi İran və Azərbaycan arasında ikitərəfli enerji layihələri üçün qapı açır. Bu həm də adıçəkilən ölkələrdən başqa, Asiya, Avropa və Yaxın Şərqin digər dövlətlərinin də çoxtərəfli enerji layihələrində iştirakı üçün imkanın yaranması deməkdir.
- Bununla yanaşı İran hər zaman Avropa tərəfindən fəal şəkildə lobbiləşdirilən Xəzər enerji resurslarının Qərbə ixracına istiqamətlənmiş Transxəzər boru kəmərinin inşası layihəsinə qarşı çıxırdı. Bu mövqedə hansısa dəyişiklikləri gözləməyə dəyərmi? Bəlkə İranın bu layihəyə qoşulmasını ehtimal etmək lazımdır?
- İranın Transxəzər qaz kəmərinə dair yeni şəraitlə şərtləndirilmiş mövqeyi dəyişə bilər. Tək lider kimi fəaliyyət göstərməkdənsə, Xəzər üzrə qonşuları ilə hasilat və çatdırılma üzrə müştərək enerji layihələrində əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək İranın maraqlarındadır. İran və Azərbaycan bu sazişdən və bu sazişin nəticəsi olaraq siyasi gərginliyin azalmasından iqtisadi səmərə əldə edə bilərlər.
F.H.
www.oxu.az