Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı karate üzrə 3 qat Dünya çempionu və 5 qat Avropa çempionu Niyazi Əliyevdir.
- Niyazi, necə ailədə böyümüsən? Niyə məhz karatedəsən?
- 1986-cı ildə yanvarın 30-da Bakı şəhərində Maştağa qəsəbəsində anadan olmuşam. Karateyə 7 yaşımda başlamışam. Atamın dostu məni idmana apardı. Çünki görürdülər ki, bir yerdə oturmuram, düşündülər ki, enerjimi heç olmasa idmana sərf edim. Elə də oldu. Məşqlərə başlayandan sonra gəlib sakitcə yatırdım. 128 saylı orta məktəbdə təhsil almışam. Oxuyan olmamışam. Məncə yaxşı oxuyan insan yaxşı idmançı ola bilməz, çünki başı qarışır oxumağa, idmana çox vaxt qalmır. Həm idmanda olan, həm də savadlı olan insan məncə nadir halda ola bilər.
- Kənd yerində, xüsusilə də Bakı kəndində böyümüsən. Ab-hava necə idi? Bakının kəndlərində yaşayan insanlar başqa xarakterdə olurlar, geyimləri, fikirləri fərqli olur.
- Düzdü, fərqlidi. Kənd yerində özəlliklə də xanımların çoxu hicablıdır. Orada böyük-kiçik yeri həmişə seçilir.
Məsələn, eşitdiyimə görə bir oğlan şortikdə gəzə bilməz.
Oğlanın şortikdə, küçənin ortasında nə işi? O geyimlər dəniz üçündür, getsin istirahət edəndə geyinsin. Bizim kənddə belə şeylərə yaxşı baxmırlar və belə bir şey görəndə yaxınlaşıb deyirlər ki, qardaşım, bəlkə geyimini dəyişəsən?
- Necə yəni geyimini dəyişsin? Kim nə istəyir geyinə bilər də!

- Geyinsin, amma elə kənd yeri var ki, orada elə geyimləri qəbul etmirlər.
- Sən kəndə gedəndə necə geyinirsən?
- Mən idman stilində geyimdə gedirəm. Bilirlər ki, mən idmançıyam, geyimim də belə olmalıdır.
- Karate necə idman növüdür? O biri idman növlərindən nə ilə fərqlənir?
- Fəlsəfi idman növüdür, öyrəndikcə bitmir. Karatedə hər zaman nəsə yeni bir şey öyrənirsən.
- Səncə bir idmançı tanınması, qəbul olunması üçün nə etməlidir?
- Təbii ki, ilk öncə reklamı olmalıdır, piarı güclü olmalıdır. Ən yaxşı idmançının da reklama ehtiyacı var. Bir yarışda qalib də, məğlub da olsan onu cəmiyyətə çatdıran mediadır. Cəmiyyət öz idmançısını tanımalıdır. Ona görə də məncə bir idmançının tanınmasında, məşhurlaşmasında medianın böyük rolu var, amma təbii ki, media da bunu düzgün çatdırmalıdır.
- Ailənin oğlan övladı olmaq çətindir? Ailənin səndən narazılığı var?
- Ailənin oğul övladı olmaq şərəflidir. Valideynlərinə layiqli övlad olmağa, onların tərbiyəsinə layiq olmağa çalışırsan. Biz ailədə 3 qardaşıq, ən kiçiyi mənəm deyə işlərin də çoxu mənim üzərimə düşür, amma bunu da şərəflə edirəm. Məni çox istəyirlər, narazılıqlarını görməmişəm.
- Bu qədər yarışda olmusan, qalibiyyətin də az deyil, amma səni hər kəs tanımır.

- Yenə də qayıdırıq eynən o mövzuya. Mən yarışlarda çox iştirak etmişəm, amma onun biri mediada gedir, üçü getmir. Bunlar incə məqamlardır.
- Bir müddət yarışlardan kənarda qaldın. Daha sonra isə İslam oyunlarına qatıldın və qalib oldun.
- O bir müddətlik ara idmançı üçün ən çətin məqamdır. Mənim zədələrim olduğundan ancaq zəif məşqlər edirdim. Bir müddətdən sonra özümə gəldim. Həmin vaxtda İslam oyunları var idi. Müəllimimə dedim ki, yarışa çıxmaq istəyirəm, dedi olmaz, neçə vaxtdı məşq etmirsən, bir az məşqlərə başla, sonra çıxarsan. Amma mən təkid etdim, icazə verdi və komanda ilə İslam oyunlarında çıxış etməyə başladım. Yaxşı ki, getdim. Həm çoxdandı yarışlara qatılmırdım, həm də qalib oldum.
- Karate olimpiya idman növü deyil. Olimpiya idman növündə olan başqa bir idman növünə fikrin olub?
- Deyilənə görə karate də artıq olimpiya oyunlarına daxil ediləcək. Karate ən məşhur idman növlərindən biridir. Əksəriyyət insan ilk dəfə başlayanda karate ilə başlayırdı, hələ o biri idman növləri Azərbaycanda inkişaf etməmişdi. Amma olimpiya oyunlarına daxil edilsə yaxşı olar.
- İdmançıların əksəriyyəti futbola maraq göstərirlər, ya da özləri vaxt olan kimi oynayırlar. Sən necə?
- Mən nə əcnəbi, nə də yerli futbolu sevmirəm, ancaq bizimkilərdən ara-bir “Qəbələ”nin oyununa baxıram. Futboldan fərqli olaraq, basketbol xoşuma gəlir, tennisi sevirəm.
- Azərbaycanın ən yaxşı idmançısı kimdir?

- Yaxşı idmançılarımız var. Elə karatedən Rafael Ağayevi deyə bilərəm. Rafael elə idmançılardandır ki, dalbadal yarışlarda qalib olub və bu qədər yarışdan qızıl medalı var.
Fərid Mansurov həm idmançı, həm də insan kimi yaxşı insandır. Səmimi, yerini bilən idmançılarımızdan biridir. Sonra Elnur Məmmədlini də deyə bilərəm.
- Yaşar müəllim necə xarakterdə biridir? (Yaşar Bəşirov Azərbaycan Milli Karate Federasiyasının prezidentidir).
- Bizim rəhbərimiz olduğuna görə söyləmirəm, çox səmimi deyirəm ki, kinli insan deyil. Mən görməmişəm ki, kimsə ondan incisin. Çalışır ki, hər birimizə eyni yanaşsın.
Həmçinin Rəhman Hətəmov bizim baş məşqçidir. Onun bizim üzərimizdə çox əziyyəti var, bizim uğurlarımız onun uğurudur.
- Siyasət ilə maraqlanansan? Bizim siyasətçilər deyəndə ilk olaraq ağlına kim gəlir?
- Ülvi Quliyev. Həm yaxşı idmançı, həm də yaxşı siyasətçidir. Füzuli Musayev də həmçinin.
- Oğlunun idmanla məşğul olmasını istəyərsən?
- Seçimini özü edəcək, mən qarışmaram, amma cüdoya getməyini istəyərəm, cüdonu özüm də sevirəm.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az