Politoloq Tofiq Abbasov Oxu.Az-a verdiyi müsahibədə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşü, eləcə də onun nəticələri və Qərbin Rusiyaya iqtisadi təzyiqindən danışıb.
- Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Eləcə də qeyd etmək lazımdır ki, görüş ağır vəziyyət fonunda cəbhəyanı ərazilərdə keçiriləcək. Necə düşünürsünüz, bu görüşdən müsbət nəticələr gözləmək olarmı?
- Ermənistan Köçəryan-Sarkisyan birliyi qanuni prezident Levon Ter-Petrosyanı devirdikdən və ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə siyasi prosesi sistemli şəkildə pozmağa başladılar. Sülh danışıqları bu komandanın planlarına daxil deyil.
Faktiki olaraq ölkədə hakimiyyət başında müharibə partiyası dayanmışdı, ona görə də erməni ordusunun münaqişə zonasında və Qarabağ istiqamətində təmas xəttində tez-tez gərginlik yaratmaları təəccüblü deyil.
Son illərdə danışıqlar prosesini nəzərdən keçirsək, o zaman irəliləyişin olmadığı aydın olur. Maneə yaratmaq erməni diplomatiyasının əsas silahıdır. Bir neçə dəfə tərəflər hansısa detalları və prinsipləri müzakirə edərək, ötəri nəticələr əldə edir və işin qaydaları üzrə növbəti detallara hazırlaşmaq üçün ayrılırdılar. Amma təəssüflər olsun ki, erməni diplomatları növbəti görüşlərdə uydurma səbəblərə istinad edərək, əldə edilən nəticələrdən imtina edirdilər, razılaşmayaraq heç bir nəticənin əldə edilmədiyini iddia edirdilər.
Bu, dəfələrlə təkrarlanıb, bu isə erməni tərəfinin münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olmadığını və utanmadan Azərbaycanın sülh yolu ilə həllin axtarışını arzu etməməkdə ittiham edərək siyasi prosesə maneəçilik törətdiyini birmənalı şəkildə göstərir.
Bu səbəbdən prezidentlərin görüşündən nəticə gözləmirəm, belə ki, danışıqlar prosesinə maneə törədən elə Serj Sarkisyanın özüdür. O, Qarabağ klanının başında qan tökülmüş yollardan və müharibədən keçərək hakimiyyətə gəlib. Məhz elə bu klan erməni xalqını yoxsulluğa və süquta sürüklədi. Ölkəni gərgin vəziyyətdən çıxarmağa qadir olmayan bu hakimiyyət sülh arzu edə bilməz.
Əgər o, Azərbaycan ilə kompromisə getsə, o zaman işğal edilmiş əraziləri azad etməli, yəni öz ordusunu Qarabağdan çıxarmalıdır. O zaman xalq istər-istəməz hakimiyyətə qarşı çıxacaq, çünki məhz işğalçı siyasəti Ermənistanı yoxsulluğa və qeyri-müəyyənliyə sürükləyib. Sarkisyan bu səbəbdən bundan sonra da danışıqlar prosesini pozacaq, ölkədə qorxu toxumu yayacaq və Azərbaycan tərəfindən təhlükəni şişirdəcək.
- Son aylarda Azərbaycan Rusiya ilə münasibətləri gözəçarpacaq dərəcədə yaxşılaşdırıb, Rusiyanın bir sıra rəsmi simaları Qarabağ və ya onun ətrafı ərazisində münaqişənin qismən tənzimlənməsi haqqında bəyanatlar ilə çıxış edibər. Bütün bu şərtlər prezidentlər arasındakı danışıqlara necə təsir göstərəcək?
- Sözsüz ki, Rusiya Ermənistana təsir edir və siyasi prosesin durğunluqdan çıxarılması üçün danışıq yox, dəqiq direktivlər lazımdır. Erməni elitası ölkənin tam deyil, qismən suveren olduğunu etiraf edir və əgər Moskva işi tənzimlənməyə yönəltsə, Qarabağ düyünü açılacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə optimist tonda fikir irəli sürüb, o, hətta İranın nüvə proqramının həllindən sonra Qarabağ məsələsinin də həll edilməli olduğunu qeyd edib. Və Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində təşəbbüsü öz əlinə almaq istəyi hiss olunur.
Amma indiki erməni hakimiyyətinə xarici diasporanın, xüsusilə də ANKA və digərləri kimi amerikan erməni təşkilatlarının böyük təsiri olduğunu da unutmaq olmaz. Onlar destruktiv məcrada, Sarkisyan və onun ətrafına neqativ təsir göstərirlər. Ona görə də İrəvanın qarşısında məsələni kəskin qoymaq lazımdır ki, quyruq bulamasın.
Cənubi Qafqazda vəziyyətə neqativ təsir göstərən digər amil isə Yaxın Şərqdəki “İslam Dövləti” (İŞİD) müharibəsidir. Vəziyyətin gərginliyi nəticəsində dünya diplomatiyasının diqqəti və səyləri Suriya və İraqa yönəlib. Əgər yaxın bir zamanda İŞİD zərərsizləşdirilsə, o zaman Qarabağ münaqişəsinin tənzimlənməsində də uzunmüddətli dönüşü gözləmək olar.
- Necə hesab edirsiniz, Qarabağ münaqişəsi ətrafında qoşunların təmas xəttində vəziyyətin pisləşməsi Rusiya və Türkiyə münasibətlərinin pisləşməsi ilə əlaqədardırmı?
- Düşünürəm ki, xeyr. Keçən ilin avqustunu xatırlayın. O zaman Rusiya və Türkiyənin münasibətləri normal idi. Burada çox güman ki, erməni tərəfi öz davakarlığını Rusiya-Türkiyə böhranına bağlamaq istəyir, ocağa yağ tökərək Ankara və Moskvanın diplomatik qarşıdurmasını alovlandırmaq istəyir.
Ermənistanın oyundankənar vəziyyətdə olduğu halda regionda Rusiya və Türkiyə simasında yeni problemin yaranması üçün səbirsizlənir. O, burada Rusiyaya kömək etmiş olar, Moskva isə artıq Gümrüyə hərbi helikopterlər və digər sursatlar yerləşdirib.
İrəvan burada məkirli və iyrənc oyun oynayır. Diqqət yetirin ki, Bakı ilk günlərdən Rusiya və Türkiyə arasında münaqişənin tez bir zamanda tənzimlənməsi üçün vasitəçi rolunu oynamağa cəhd edib.
Bu həm regionda, həm də regiondan kənarda olan sağlam qüvvələrin maraqlarına cavab verir. Ermənistan isə sistematik olaraq vəziyyətin gərginləşməsinə, regionun silkələnməsinə səy göstərir. Bu, Ermənistan iqtisadiyyatının süqutuna səbəb olan və böhran əleyhinə plana malik olmayan müharibə partiyasına xas olan bir şeydir.
- Rusiyanın iqtisadi vəziyyətinin pisləşməsi dünyada ümumi atmosferə nə dərəcədə təsir edir?
- Belə böyük ölkədə baş verən resessiya birbaşa olaraq qlobal vəziyyətə təsir edir. İtaliya, Fransa kimi bir çox Avropa ölkələri Rusiya əleyhinə sanksiyalara qoşulmaq üçün Vaşinqtonun təzyiqinə qarşı artıq narazılıqlarını ifadə ediblər.
Amerikanın sanksiya siyasəti yalnız Rusiyaya deyil, eləcə də onun ənənəvi tərəfdaşlarına da xələl gətirir. O, dünya ticarətinin əsaslarını məhv edir. İrana qarşı sanksiyaların Avropa İttifaqının 80 milyard dollar məbləğində itkisinə səbəb olduğunu xatırlayın...
Unutmayaq ki, rublun məzənnəsinin ucuzlaşması yalnız Rusiyaya deyil, eləcə də maraqları Moskva ilə bağlı olan ölkələrə ziyan gətirir. MDB bazarı artıq ağırlıq hiss edir, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər bu kimi ölkələr artıq süqutun soyuq nəfəsini hiss edirlər.
Müəyyən ölkələr var ki, onlar Ukrayna böhranı və Moskvanın İŞİD-ə qarşı mübarizəsinə görə, Rusiyaya qarşı oynayırlar. Rusiya iqtisadiyyatı məlum olduğu kimi xammal yönümlüdür, ona görə də enerji daşıyıcılarının qiymətinin ucuzlaşması artıq ona təsir edir. Doğrudur, Moskva rublun üzən məzənnəsinə keçib, amma təkcə bu tədbir Qərbin sanksiyalarına və milli iqtisadiyyatın inkişafı üçün yetərli deyil.
İndi təcili şəkildə böhran əleyhinə proqram hazırlamaq, istehsalat kooperasiyasına idxaləvəzləyici bazada milli istehsalatı təşviq etmək lazımdır.
Əgər Rusiya düşmənlərinin fəaliyyətinə adekvat reaksiya verə bilsə, iqtisadiyyat vurğusunu əvvəlki illərdə İranın etdiyi kimi Asiya ölkələrinə etsə, çox güman ki, o milli bazarın dinamikasını bərpa edə biləcək, bu isə qlobal iqtisadiyyata pozitiv səmərə verəcək.