Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Azəryol” voleybol komandasının baş məşqçisi Ziya Rəcəbovdur.

- Ziya, ilk olaraq özünü oxuculara təqdim et.
- Mən Ziya Rəcəbov 1982-ci il avqust ayının 14-də Ağsuda anadan olmuşam. 7-ci sinfə kimi 1 nömrəli məktəbdə oxumuşam, sonra Bakıya köçdük, 18 saylı məktəbdə təhsilimi davam etdirdim. Ailəm qardaşım, atam və anamdan ibarətdir. Evliyəm, iki qız övladım var. Anam həkimdir, atam isə bizneslə məşğuldur. Mən isə idmandayam.
- Voleybol sevgisi ailənin təkidi ilə idi, yoxsa öz seçimin oldu?
- İlk olaraq deyim ki, məktəb vaxtlarında idman dərslərində məşqlərə başladım. Həmçinin məşqlərlə bərabər dərslərimi yaxşı oxuyurdum, tarixi, ədəbiyyatı sevirdim, üçüncü qrupa hazırlaşırdım, amma dördüncü qrupa verdim, çünki idmanı istəyirdim. Düzdü, idmanda olmağımı, davam etməyimi ailəm istəmirdi, onlar təhsilimi davam etdirməyimi istəyirdilər, ancaq elə oldu ki, 1999-cu ildə sənədlərimi Akademiyaya verdim, amma kəsildim.

2000-ci ildə yenidən sənədlərimi verdim. Bir şansım qalmışdı, yenə kəsilsəydim, əsgərliyə yola düşəcəkdim. Amma 2000-ci ildə qəbul oldum. O vaxtı hazırlıqlara gedəndə ingilis dilindən hazırlıq müəlliməm pulu gətirib qaytarmışdı ki, oğlunuz hazırlaşmır, boşuna pul verməyin (gülür). Yəni hazırlığa getmirdim, idmana qaçıb gedirdim.
Voleybol sevgisi ailəmdən, gendən gəlir deyərdim. Atam məşğul olub, boy, fiziki baxımdan uyğun idi, məndə də o həvəsdən yaranıb.
- Məktəb illərində ancaq idman dərslərində məşğul olurdun?
- Məktəb vaxtı yarışlar keçirilirdi, mən iştirak edirdim, yaxşı nəticələr də olurdu. Yeniyetmələr, gənclər arasında yarışlar keçirilirdi, hamısında iştirak edirdim. 2000-ci ildə ölkə çempionatı keçirilirdi. Bilirsən, mənim o qədər istəyim, həvəsim var ki, voleybola. Məncə, istəkdən yaranan hər şey nəticə verir.
Voleybol deyəndə ilk ağıla Faiq Qarayev gəlir, o voleybola gələndən sonra bu idman növündə dirçəliş oldu, voleybol inkişaf etdi. İstər çimərlik, istər qızlar, istərsə də kişilər arasında keçirilən voleybolda bu belə oldu.
- Bölgə klublarında çalışmısan?
- Bizim bir çox klublarda iştirak eləmişəm, məsələn, “Şimşək”, “Cəlilabad”, “Masallı”, “Şəki” və s. bu kimi klublarda iştirak eləmişəm. O vaxt çəkim 79 kq idi, indi isə 86 kq çəkidəyəm və 1,85 boyumdur.
- Ən çox hansı klubda oynamısan?
- İki il davamlı şəkildə “Metropoliten” komandasında oynamışam.
Voleybol elə bir idman növüdür ki, hər adam sevmir, amma hər adamda alınmır, yəni uyğunluq olmalıdır.
Bəli, düşünürəm ki, nəinki voleybol, hansı idman növü olur-olsun, ilk olaraq onu sevmək lazımdır, ən azı həvəsin olmalıdır. Həm də voleybol idman növü hər istəyəndə də alınmaz. Burda düzdü, boy, çəki yerində olmalıdır, amma sizə deyim ki, hərdən elə boyda adamlar olur ki, onlardan gözləmirsən alınsın, amma əla da alınır. Yəni bacarığın olmalıdır.
Məsələn, bir xanım var idi, boyu uyğun deyildi, amma çox yaxşı alınırdı onda.

- Sənin bu idman növündə fəaliyyətin! Başlama səbəbin və sənə dəstək olanlar?
- Mən ilk olaraq Faiq Qarayevin adını deyə bilərəm. Faiq müəllimin mənə dəstəyi, güvəni bu gün mənim karyeramda başlıca səbəbdir. O insanın mənə dəstəyi böyük olub, bunun üçün ona təşəkkür edirəm.
Mən 18 ildir ki, bu idman növündəyəm, birinci “Şirvan” komandasında baş məşqçi Adnan Küstahın yanında asistent kimi başlamışam. Həm xanım idmançılarla çalışmışam, həm kişilərlə.
- Qadınlarla çətindi, ya kişlərlə?
- Təbii ki, xanımlarla (gülür). Çünki səsini bir az yüksəldən kimi küsürlər (gülür). Amma bu idmandı, emosiyasız danışmaq mümkün deyil. Çalışıram çox xırda detallara fikir verim ki, inciklik olmasın.

- İndi “Azəryol” komandasının baş məşqçisisən! Yeni təyin olunmusan? Çətinlik varmı?
- Bəli, bir neçə aydı təyin olunmuşam. Bizim baş məşqçinin səhhətində problemlər oldu, ona görə də federasiya rəhbərliyi mənə güvəndi, mənə inandı və təyin etdi.
Baş məşqçi olaraq çalışıram düzgün, doğru yöndə irəliləyim, çünki komandada hərə bir psixologiyadadır.
- Bu bir neçə ayda təyin olunandan sonra hansı qalibiyyətiniz olub?
- Bir şeyi qeyd edim, məsələn, biz bölgələrə getmişdik, orda çox yaxşı talantlı qızlar, oğlanlar var, həvəsləri də var, amma təəssüf ki, ailələri icazə vermir, əksəriyyətinin dedikləri söz bu olur: “Bizim qız şortikdə çıxa bilməz, qəbul etmirik”. Yəni məsələ budu, bizim komandada ümumiyyətlə bir çox komandalarda azərbaycanlının iştirak etməyi problem olur, təbii ki, qızlardan söhbət gedir.
Bizim komandada az da olsa azərbaycanlı var, Ukraynadan var, Rusiyadan var, başqa əcnəbilər var. Həm də bizim qızlar çox hündür olmur, çünki millətin genindən asılıdır, amma elə qızlarımız var ki, əcnəbidən də daha yaxşı oynayır. Məsələn, bizim qızlardan Aynur Kərimova var, onun adını çəkə bilərəm. Çox yaxşı oyunçudur.

- Daha çox hansı millətdən olanlar hündür boyludur?
- Məsələn, ukraynalılar çox hündürdü, yəni voleybola uyğundular. Amma bütün bunlara baxmayaraq heç vaxt millət olaraq ayrıseçkilik etmirəm, bir komandada hamı eynidir, çünki hamımız bir bayraq altında çıxış edirik.
- Hərdən hansısa işdə yaşlı nəsildən olan kadra üstünlük verirlər. Sənin kimi gənc kadra üstünlük vermələri sənə olan güvənin göstəricisidir.
- Bəli, ilk olaraq məni dəvət edən klub prezidenti Cəmil Rüstəmxanlı oldu. Mənə güvəndikləri üçün həm Cəmil müəllimə, həm də Federasiyanın vitse-prezidenti Faiq Qarayevə təşəkkürümü bildirirəm.
33 yaşım var, karyeramın inkişaf yolundayam, baş məşqçi olaraq daha çox inkişaf etməyə, irəli getməyə, komandanın inkişafı üçün əlimdən gələni etməyə hazıram.
Bu yaxınlarda əvvəl birgə çalışdığım məşqçi Bülənt Karslıoğlunun komandasına qarşı oynadıq, amma bizim komanda qalib oldu.
3:2 hesabı ilə qalib olduq. Sonra “Lokomotiv”lə oynadıq, onları da 3:0 udduq. Daha sonra dekabrın 10-da daha bir oyunumuz oldu, bu oyunda da 3:0 məğlub etdik. Ardınca Finlandiyanın “Salo” klubunu hər iki oyunda məğlub edərək CEV kubokunda ¼ final mərhələsinə adladıq.

- Məşqlər necə olur sizdə?
- Məşqlər səhər və ya axşam olur, oyun qabağı məşq toplanışı olur, oyuna hazırlaşırıq təbii ki.
Hər bir idmançı özünün yeməyinə, çəkisinə diqqət edir və etməlidir də, çünki bu əgər peşəkardısa ona kimsənin bunu ye, onu yemə deməyi lazım deyil, bizim qızlar da öz yeməyinə, içkisinə fikir verir.
Voleybol bacarıq kəsb edir, hündürboy olmaqla deyil, bacarığın varsa başaracaqsan.
- Komandada, Federasiyada ab-hava necədir?
- Komanda yüksək səviyyədə oyunlara hazırlaşır! Düzdü, uduzmaqdan heç kəs sığortalamayıb.
Federasiyada, həmçinin burda əziyyəti olan insanlara - Cəmil müəllimə, Faiq müəllimə, baş katibimiz Elşən müəllimə, icraçı direktor Yusif müəllimə, idman direktoru İlqar İmanquliyevə, texniki direktor Aleksandr Çervyakova, menecerimiz Amil Hacıyevə və bütün kollektivimizə təşəkkür edirəm.
Bir komanda ailə olmalıdır. Bizim komanda bir ailədir.

Nərmin Kazımova
Foto: Müslüm Mikayılov
www.oxu.az