ABŞ-nin Kaliforniya ştatının hökuməti ilə "Paramount Skydance" şirkəti arasında "Warner Bros. Discovery"nin alınması ilə bağlı mübahisənin həlli istiqamətində danışıqlar aparılır. Müzakirə olunan plana əsasən, şirkət filmlərin kinoteatrlarda nümayişi ilə bağlı öhdəliyini pozarsa, hər film üçün 30 milyon dollar məbləğində cərimə tətbiq oluna bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Müzakirə edilən şərtlərə əsasən, "Paramount" hər il ən azı 30 filmi kinoteatrlarda nümayiş etdirməli olacaq. Bu öhdəlik yerinə yetirilməzsə, şirkət çatışmayan hər bir filmə görə 30 milyon dollar cərimə oluna bilər.
Son günlər "Paramount" və Kaliforniya ştatının rəsmiləri arasında danışıqlar daha da intensivləşib. Tənzimləmənin digər mümkün şərtləri arasında "Paramount"un mənzil-qərargahının Kaliforniyada saxlanılması, CNN-ə nəzarət etmək üçün redaksiya şurasının yaradılması və bəzi kabel kanallarının satılması da yer alır.
Razılaşmanın yekun şərtləri hələ müəyyənləşdirilməyib. "Warner Bros. Discovery" ilə sövdələşməyə qarşı qaldırılmış iddia onun başa çatmasına maneə olaraq qalır. Məhkəmə prosesinin isə 2027-ci ilin martına təyin edildiyi bildirilir.