“Ömrün fəsilləri” verilişinin qonağı Xalq artisti Rafiq Əzimov olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, aktyor keçmişdə çalışdığı tərəf-müqabillərinin indi həyatda olmamasına təəssüfləndiyini bildirib. O, daha sonra “Arxadan vurulan zərbə” filmində olan çətin səhnələrdən söz açıb:
“Çox maraqlı ssenarisi var, çətin səhnələr çoxdur. Döyüş, atla, Qurd Cəbrayılla səhnələr var idi. Bu filmi müxtəlif məkanlarda çəkdik. Qaxda, Zaqatalada, Mingəçevirdə və Qubada... Artıq biz orada at çapa bilirdik və fəal döyüş səhnələrimiz var idi”.
Xalq artisti həmçinin adıçəkilən filmin çəkilişi zamanı başına gələn təhlükəli hadisədən də danışıb:
“Hələ məşq edirdik. Aparatlar qurulmuşdu. Çəkilişlər Zaqatalada gedirdi. Sirkdən bıçaq atan gətirmişdilər. 10 metr uzaqdan ağaca bıçağı düz atırdı. Bir dənə boş bıçaq atmırdı. Məşqdə mənə göstəriş verildi və mən hərəkət etdim. İkinci göstəriş bıçaq atana verildi, 3-cü göstəriş yenidən mənə verildi ki, əyilim. Bir dubl çəkildi və mən əyildim.
Sonra Arif mənə dedi ki, Əzimov gəl bir də çəkək. İkinci dublda göstəriş mənə gec verildi. Artıq mən qalxanda bıçaq başımın üstündəki şlyapanı tərpətdi. Elə bildim ki, küləkdir. Heç nə hiss etmədim. Ancaq texniki işçilər heyrətlə birdən qalxıb, gəlib mənim başıma baxdılar. Onda məni vahimə basdı. Arifin bir sözü oldu ki, anan sənin namaz üstündəymiş”.
A.S.
www.oxu.az