"Dünən, dekabrın 1-də Minaların Qadağan olunması üzrə Beynəlxalq Kampaniya tərəfindən açıqlanan sayca 27-ci olan 163 səhifəlik "Landmine Monitor 2025" hesabatı açıq bir reallığı ortaya qoyur: minalanmış əraziləri təmizləmək səyləri mühüm humanitar fəaliyyətlər üçün qlobal donor dəstəyinin azalması ilə üzləşdiyindən bunun ağır nəticələrini mülki əhali daşıyır. Minalara qarşı uzun müddətdir davam edən beynəlxalq qadağa ilə bağlı görünməmiş problemlər də ortaya çıxıb".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" BMT Konvensiyası (Ottava Konvensiyası) qüvvəyə mindiyi 1 mart 1999-cu ildən sonra üzv dövlətlərin sayı 166-dır, yəni dünya ölkələrinin 85%-i minaların qadağan olunmasını dəstəkləyir: "Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 31 ölkə hələlik bu Konvensiyaya qoşulmayıb. Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar 5 üzv dövlət (Estoniya, Finlandiya, Latviya, Litva, Polşa) konvensiyadan çıxmaqla bağlı ölkə daxili prosedurları tamamlamış, Ukrayna Konvensiyanın icrasının dayandırılması barədə BMT-ni məlumatlandırıb.
Hesabatda qeyd olunub ki, təmizlənmiş ümumi ərazi əvvəlki illərlə müqayisədə azalıb ki, bu da donorların maliyyələşdirməni azaltması səbəbindəndir. Hətta az çirklənməyə məruz qalan ölkələr də maliyyə dəstəyinin olmaması səbəbindən təmizləmə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.
"Landmine Monitor 2025" hesabatında bildirilib ki, hesabat dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52 ölkədə (bunlardan 36 üzv dövlətdir) 6 279 zərərçəkən qeydə alınıb (1 945 nəfər həlak olub and 4 325 nəfər yaralanıb, 9 nəfərin statusu məlum deyil), bu 2020-ci ildən sonra illik ən yüksək göstərici olmaqla itkilərin kəskin artdığını göstərir. Artım əsasən Ottava Konvensiyasına qoşulmamış ölkələrdə qeydə alınıb. Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5 385 nəfər) təşkil edib, mülki şəxslərin 36%-i (1 701 nəfər) uşaqlardır. Kişilər və oğlanlar minalara və müharibənin partlayıcı qalıqlarına ən çox məruz qalanlardır, bu da ilk növbədə, iqtisadi zərurətdən irəli gələn dolanışıq fəaliyyəti səbəbindəndir".
H.Səfixanovun sözlərinə görə, adıçəkilən sənəddə, həmçinin vurğulanıb ki, qurbanlara yardım üçün donorların ianələri minalarla mübarizə üzrə bütün maliyyə vəsaitlərinin cəmi 5%-ni təşkil edir:
"İanələr 2024-cü ildə, demək olar ki, dörddəbir azalıb. Dövlətlərin və beynəlxalq ictimaiyyətin qurbanlar üçün davamlı xidmətlər yaratmaq cəhdlərinə baxmayaraq, bir çox minadan zərərçəkənlərin hələ də əsas tibbi yardım, reabilitasiya və psixososial dəstəyə çıxışı yoxdur. Qurbanlara yardım üçün maliyyənin azalması çox narahatedicidir və təcili olaraq artırılmalıdır.
57 ölkənin əraziləri piyadalar əleyhinə minalarla çirklənib. Üzv dövlətlər 2024-cü ildə ümumilikdə 1 114.82 km² çirklənmiş ərazinin azad edildiyini və nəticədə ən azı 105 640 piyada əleyhinə minanın məhv edildiyini bildiriblər. Ümumilikdə 32 üzv dövlət öz ərazilərindən bütün piyada əleyhinə minaların təmizlənməsini başa çatdırıb.
2024-cü ildə minalarla mübarizə üçün qlobal maliyyələşmə 1.07 milyard ABŞ dolları təşkil edib, bu 2023-cü ildə verilən 1.03 milyard dollardan 4% artım deməkdur. Bu artımın səbəbi minalarla mübarizə proqramlarına milli maliyyələşdirmənin artmasıdır. Ancaq qeyd olunan minalarla mübarizə proqramlarına beynəlxalq maliyyələşdirmə əvvəlki illə müqayisədə 5% azalıb. Minalarla mübarizə proqramlarında çalışan milli QHT-lərə yalnız 2% maliyyə vəsaiti ayrılıb".
Samir Əli