"ABŞ və İran arasında keçirilən danışıqlar uzun müddətdir davam edən qarşıdurma fonunda Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirə bilər. Bu görüşün əsas əhəmiyyəti ondan ibarətdir ki, tərəflər birbaşa dialoq vasitəsilə qarşılıqlı etimadsızlığın yüksək olduğu bir mərhələdə müəyyən ortaq nöqtələr axtarmağa başlayıblar. Lakin əldə olunan nəticələri hələlik tam siyasi razılaşma kimi qəbul etmək mümkün deyil. Bu, daha çox, mürəkkəb prosesin başlanğıcı kimi dəyərləndirilə bilər".
Bunu Oxu.Az-a açıqlamasında ABŞ-İran nümayəndə heyətinin İsveçrədə sülh danışıqları ilə bağlı keçirilən görüşünü şərh edərkən politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, görüşdə 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair "yol xəritəsi" razılaşdırılıb:
"Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün razılaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb. Həmçinin Livanda hərbi əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə tərəflər və Livan arasında vasitəçilərin dəstəyi ilə münaqişələrin qarşısını almaq üzrə qrupun yaradılması barədə razılıq əldə olunub".
"Həmçinin bir sıra həvəsləndirici irəliləyişlər də əldə olunub ki, bununla bağlı da İran xarici işlər naziri Abbas Əraqçi müvafiq açıqlama ilə çıxış edib. Buraya Tehran neft və neft-kimya ixracı ilə bağlı müəyyən sanksiya yumşalmalarını, bəzi dondurulmuş aktivlərin sərbəst buraxılmasını və ölkənin iqtisadi bərpasını hədəfləyən mexanizmlərin işə salınmasını aid etmək olar. Hərçənd, Vaşinqton Əraqçinin açıqlamaları ilə bağlı məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib. Bu da əslində əldə olunan nəticələrin ilkin və həssas xarakter daşıdığını və davamlı sülh məsələsində ciddi maneələrin qaldığını göstərir", - deyə analitik vurğulayıb.
Müsahibimiz hesab edir ki, ən böyük problem tərəflər arasında dərin etimadsızlıqdır:
"ABŞ İranın gələcək öhdəliklərinə tam güvənmir, İran isə Vaşinqtonun razılaşmalardan geri çəkilməyəcəyinə dair təminat axtarır. Keçmişdə əldə olunmuş nüvə razılaşmasının taleyi də bu narahatlıqları artıran amillərdəndir. Digər mühüm faktor İsrailin mövqeyidir. İsrail İranın nüvə imkanlarını öz təhlükəsizliyinə təhdid hesab edir və buna görə də ABŞ-İran yaxınlaşmasına ehtiyatla yanaşır. Başqa sözlə İsrailin mövqeyi danışıqlar prosesinə əlavə təzyiq yaradır. İsrail tərəfinin əldə olunan razılaşmaları tanımaqdan imtina edəcəyi, Livan istiqamətində hücumlarını dayandırmayacağı halda danışıqların dalana dirənmə ehtimalı var. Çünki, İran Anlaşma memorandumuna məhz İsrailin Livan istiqamətində hücumlarının dayandırılması şərti ilə imza atıb və bunu memorandumun müddəalarına salıb. Odur ki, İsrailin mümkün hərbi addımları və ya sərt ritorikası İran daxilində kompromisə qarşı çıxan qüvvələrin mövqeyini gücləndirə bilər. Bu isə tərəflər arasında etimadın formalaşmasını çətinləşdirərək yeni razılaşmaların əldə olunmasını ləngidə bilər".
"Hazırkı gedişat göstərir ki, tammiqyaslı sülh müqaviləsi istiqamətində danışıqlar olduqca gərgin keçəcək. Amma buna baxmayaraq çox mərhələli razılaşma ehtimalı yüksəkdir. Yəni tərəflər əvvəlcə kiçik addımlarla irəliləyə, sanksiyaların qismən yumşaldılması, Hörmüz istiqamətində problemin tamamilə aradan qaldırılması fonunda nüvə fəaliyyətinə nəzarət və iqtisadi əməkdaşlıq kimi məsələlər üzrə razılaşmalar əldə edə bilərlər. Başqa sözlə, davamlı sülh mümkündür, lakin bunun üçün təkcə diplomatik görüşlər kifayət etməyəcək. Qarşılıqlı etimadın formalaşması, regional aktorların mövqeləri və uzunmüddətli siyasi iradə əsas şərtlər olacaq", - R.Bayramov fikrini yekunlaşdırıb.