Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dörd gündür su tapmayan Abşeron sakinlərinin şikayətinə “Azərsu”nun CAVABI
Abşeron rayonu ərazisində bəzi küçələrdə içməli suyun verilişində problem var.
Bununla bağlı Oxu.Az-a rayonun Masazır qəsəbəsində yaşayan sakinlər tərəfindən məlumat verilib.
Vətəndaşlar iddia edirlər ki, rayonun Nizami, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələrində artıq xeyli müddətdir ki, su təchizatı baxımından ciddi problemlər var:
“Son 4 gündür yaşadığımız əraziyə su verilmir. Bundan öncə də su təchizatında uzun fasilələr olub. Amma həll olunub. “Azərsu” ASC-nin “Qaynar xətti”nə müraciət edirik, lakin problem öz həllini tapmır”.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazilərdə iş görülür:
“Bu ərazilərdə, eləcə də rayonun Qaçaq Nəbi küçəsində “Azərsu” ASC-nin ərazi üzrə İdarəsinin əməkdaşları işləyirlər. Son günlərdə müşahidə edilən isti hava şəraiti suya olan tələbatı artırıb. Üstəlik, insanların Bakıətrafı bağ evlərinə köçməsi də suya tələbatın artmasına səbəb olub. Ona görə bu artımın fonunda çalışırıq ki, içməli suyun verilməsi ilə bağlı rejimləri tənzimləyək.
Mütəxəssislərimiz sözügedən ərazilərdə çalışır. Bağ evlərində yaşayan vətəndaşlardan xahiş edirik ki, sudan qənaətlə istifadə etsinlər. Suvarılma məqsədilə istifadə edilən suyun israfçılığına yol verilməməlidir. “Azərsu” ASC-nin əməkdaşları təkcə Abşeron rayonu Masazır qəsəbəsində deyil, Bakıətrafı ərazilərdə qurumun İstismar Departamentinin əməkdaşları tənzimləmə işlərini həyata keçirirlər”.
Könül Cəfərli
Rəylər