Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bir müddət öncə fəaliyyəti məhdudlaşdırılan bazarın standartlara uyğunlaşdırılması məqsədi ilə da asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, baytar həkimin nəzarəti üçün məntəqə tikilib.
Eyni zamanda baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digərlərindən təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, bundan öncə İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarlarının fəaliyyəti bərpa olunub.