Kubra Məhərrəmova yazır...
Hamıya məlumdur ki, Qarabağ müharibəsində qadınlar da döyüşüb. Bir çoxları Milli Qəhrəman adına da layiq görülüb. Və döyüşə gedən qadınlar oraya pul, var-dövlət üçün deyil, vətən üçün gediblər.
Bildiyim qədərilə, o vaxt döyüş mövqeyində bar, klub olmayıb. Qadınlarımız da oraya qəlyan çəkməyə getməyiblər. O vaxt döyüşə gedən qadınların çoxu geri dönməyib. Uşaqları anasız böyüyüb. Anaları ağlar qalıb. Elə mənimlə məktəbdə qız oxuyurdu. Bütün məktəb danışırdı ki, anası şəhid olub. Nənəsi ilə qalıb qız. Yadımdadır ki, mən o qızdan utanırdım. Çünki mənim anam var idi, onun isə yox. Anası həkim idi, özü ilə beş tibb bacısını götürüb könüllü döyüşə getmişdi. 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanan qadın, həkim Gültəkin Əsgərova idi.
Gültəkin Əsgərova Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda yaralı əsgərlərimizi xilas edib. Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub. Daha sonra Gültəkin Əsgərova Laçının, Qubadlının müdafiəsində iştirak edib.
Biz onda ikinci sinifdə oxuyurduq. Hər gün Bakıya cəbhədən şəhidlər gəlirdi. Qadınlı-kişili. Xiyabanın boş günü olmurdu, hər gün şəhid qəbul edirdi. Bir gün Gültəkin Əsgərovanı gətirdilər Şəhidlər Xiyabanına. O, Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə, 1992-ci il 19 iyulda şəhid olub. 1993-cü ildə isə ona Milli Qəhrəman adı verilib.
Bu gün isə politoloq Cümşüd Nuriyev AzTv-nin efirindən deyir ki, o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi:
“Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə orada idilər”.
Hə, bu gün isə Cümşüd Nuriyev bu qadınlara fahişə deyir. O vaxt, Gültəkin Əsgərova kimi qadınlarımız qanın, güllənin içində olanda Cümşüd Nuriyev Bakıda nə qələt edib, bilmirəm. Amma bu gün o qadınların adını belə dilinə almağa ixtiyarı yoxdur. Açığı, bilmirəm Cümşüd Nuriyevə nə ad verim? Çünki onun xislətinin qarşısında bütün sözlər acizdir.
Fahişə sözü belə. Niyə Gültəkindən yazdım, çünki bu, mənim gözümün önündə yaşanan tale idi. Bilmədiyim neçə-neçə qadın döyüşçülər var ki, onların atdığı dırnaq belə ola bilməz Cümşüd Nuriyev. Verələr Cümşüd Nuriyevi elə erməni fahişələrin əlinə. Onda bilər ərindən boşanan, küçədə qalan kimdir.
P.S. Cümşüd Nuriyev özü də etiraf elədi ki, o vaxt müharibəyə fahişələr belə gedib, amma Cümşüd Nuriyevin bir yeri çatmayıb getməyə.