Fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Ayın əvvəlində gecələr 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti olacaq, ayın sonunda 14 dərəcəyədək yüksələcək.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-24 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 1-4 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr 10-15, bəzi günlərdə 20-25 dərəcə şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 14-18 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə şaxta təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 8-13 dərəcə şaxta, bəzi günlərdə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr ayın əvvəlində 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti təşkil edəcək.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır.