Çinin cənubundakı Quandun əyalətində "Honqsya" tayfunu (beynəlxalq adı "Noul") ilə əlaqədar 710 mindən çox insan təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nanfan jıbao" qəzeti məlumat yayıb.
Məlumata görə, ən çox sakin müvəqqəti olaraq Xueyçjou (205 min nəfər) və Şanvey (192 min nəfər) şəhər dairələrindən təhlükəsiz ərazilərə köçürülüb.
Bundan əvvəl daşqın və quraqlıqla mübarizə üzrə əyalət qərargahı 340 min nəfərin təxliyə olunduğunu açıqlamışdı.
Küləyin sürəti saniyədə 45 metrə çatan "Honqsya" tayfunu iyulun 26-da səhər saatlarında Quandun əyalətinə çatıb. Hazırda tayfun tədricən zəifləyərək şimala doğru hərəkətini davam etdirir.
Sinoptiklər yaxın günlərdə Quandun, Szyanşi və Xunan əyalətlərində güclü leysan yağışlarının gözlənildiyini bildirirlər.