Hörmüz boğazının cənub hissəsində dəniz minasına düşən tankerin mühərrik bölməsində partlayış və yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın bəyanatında deyilir: "Hörmüz boğazının cənub hissəsində dəniz minası ilə toqquşan qayda pozan tanker mühərrik bölməsində baş verən partlayış və yanğın nəticəsində zədələnib".
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iddiasına görə, tanker bütün mövqeyin müəyyənləşdirilməsi və naviqasiya sistemlərini söndürərək, boğazdan keçid üçün müəyyən edilmiş qaydalara məhəl qoymadan ərazidən çıxmağa çalışıb.
"Hörmüz boğazından keçən gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürərsə, onlara qarşı sərt və qəti tədbirlər görüləcək".
Bəyanatda tankerin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.