Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Husilər Qırmızı dənizdə ABŞ-yə məxsus aviadaşıyıcıya yeni zərbələr endiriblər
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər ABŞ-nin bu ölkəyə zərbələrinə cavab olaraq Qırmızı dənizdə "USS Harry Truman" aviadaşıyıcısına 48 saat ərzində üçüncü zərbəni endiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında yazıb.
Qeyd olunur ki, hücum iki qanadlı raket və iki pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Bundan əlavə, husilər ABŞ-nin esminesini qanadlı raket və dörd PUA ilə vurublar.
Xatırladaq ki, Saria martın 16-da "USS Harry Truman" və onu müşayiət edən gəmilərə 18 balistik və qanadlı raket, həmçinin pilotsuz uçuş aparatı ilə hücum olunduğunu xəbər vermişdi. Onun sözlərinə görə, husilər Qırmızı dənizdə və Ədən körfəzində ABŞ hərbi gəmilərinə hücumları davam etdirəcək, həmçinin İsrail Qəzza sektoruna humanitar yardımın çatdırılmasını bərpa edənə qədər İsrail kommersiya gəmilərinin Bab əl-Məndəb boğazından keçidini bloklayacaqlar.
Martın 15-də ABŞ Silahlı Qüvvələri Prezident Donald Trampın əmri ilə husilər tərəfindən nəzarət olunan Yəmən ərazisinə ardıcıl zərbələr endirməyə başlayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bildirdiyinə görə, əməliyyat ABŞ maraqlarının qorunmasına və gəmiçilik azadlığının təmin edilməsinə yönəlib.