İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı ABŞ-nin İordaniya ərazisində yerləşən hava və raket hücumundan müdafiə obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi açıqlamasında bildirilib.
"İran hərbçiləri ərazilərinə qarşı dəfələrlə edilən hücum aktlarına cavab olaraq ABŞ bazalarına endirilən ildırımsürətli zərbələrlə ABŞ-nin THAAD raket hücumundan müdafiə sisteminin radarını məhv ediblər", - deyə açıqlamada qeyd olunub.
Həmçinin, Korpus tərəfindən "Patriot" zenit-raket kompleksinin (ZRK) və C-RAM taktiki hava hücumundan müdafiə radarının sıradan çıxarıldığı bildirilib. Bundan əlavə, yanacaq anbarları, helikopterlərə texniki baxış məntəqəsi və helikopter avadanlıqları anbarı da hədəf alınıb.
Bir gün əvvəl SEPAH ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə - "Şahzadə Həsən" və "Kral Feysəl" aviabazalarına da hücum etdiyi barədə məlumat verib. ABŞ hərbçilərinin "F-15" qırıcılarının, dronların və helikopterlərin tapşırıqlara hazırlandığı anqarlara zərbə endirildiyi, ən azı səkkiz "MQ-9" PUA-sının məhv edildiyi və iki helikopterə ziyan vurulduğu bildirilib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən iki ABŞ bazasındakı hərbi obyektlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-a istinadən İran dövlət teleradio şirkəti məlumat yayıb.
"Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" dronlarının saxlanıldığı anqar hədəfə alınıb. Bundan əlavə, "Əl-Adiri"də iki helikopter anqarına da zərbələr endirilib.
SEPAH-ın məlumatına görə, hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb və yaralanıb, texnikaya ciddi ziyan dəyib. Regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu bildirilib.
"Doha bazasında sursat anbarına, ABŞ ordusunun maddi-texniki təminat mərkəzinə, "Əli əs-Saləm"dəki yanacaq çənlərinə və Küveytdəki "Arifcan" bazasının sursat anbarına PUA-larla kütləvi zərbələr endirdik", - deyə SEPAH-ın bəyanatında qeyd olunub.