İran Silahlı Qüvvələri düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini aşmaq məqsədilə buraxılışdan sonra belə trayektoriyası dəyişdirilə bilən ballistik raketlərlə təchiz olunub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi məlumat yayıb.
"Raketlərimizin potensialı əvvəlki dövrlərdə olduğu kimi, sadəcə bir nöqtədən atılıb digər nöqtəyə düşməklə məhdudlaşmır. Bizim raketlər tam idarəolunandır və bəziləri düşmənin HHM sistemləri qarşısında manevr edərək hərəkət istiqamətini dəyişməyə qadirdir", - deyə Hüseyn Mohebi bildirib.
Mohebi əlavə edib ki, raket üçün əvvəlcədən müəyyən edilmiş hədəf olsa belə, uçuşun tən yarısında bu istiqaməti dəyişdirərək yeni hədəf təyin etmək mümkündür.
SEPAH rəsmisinin sözlərinə görə, müasir döyüşlər tərəflərin elm və süni intellekt sahəsində rəqabət apardığı texnologiya müharibəsinə çevrilib və burada yalnız daha mütərəqqi texnologiyalara sahib olan tərəf qalib gəlir.