ABŞ Dövlət Departamenti əvvəllər korrupsiyaya qarşı mübarizəyə və gender bərabərliyinin təşviqinə görə Amerika mükafatına layiq görülən İraqın sabiq maliyyə naziri Taif Sami Məhəmməd əş-Şakərçinin vizasını ləğv edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin qlobal ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Dilan Conson bildirib.
"Dövlət Departamenti korrupsiyaya qarşı mübarizədə və "gender bərabərliyinin" təşviqindəki ehtimal olunan roluna görə Bayden administrasiyası tərəfindən mükafatlandırılmış İraq vətəndaşının vizasını ləğv edib", - Consonun bəyanatında bildirilir.
Məlumata görə, əş-Şakərçi hər il ABŞ tərəfindən bütün dünyadan olan qadınlara müstəsna cəsarət, güc və liderlik keyfiyyətlərinə görə verilən mükafatı alıb. Mükafatı ona ABŞ-nin sabiq dövlət katibi Entoni Blinken və eks-prezident Co Baydenin həyat yoldaşı Cill Bayden təqdim ediblər.
Dövlət Departamentinin nümayəndəsi həmçinin bildirib ki, daha əvvəl ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) əş-Şakərçini terrorizmə yardım etməkdə şübhəli bilinən şəxslər siyahısına daxil edib. Hazırda sabiq nazir ABŞ-dən kənardadır.